Rəcəb Tayyip Ərdoğan: “Türkiyə, Azərbaycanın maraqlarını daim müdafiə edəcək”

“Ölkələrimiz arasında əlaqələrin çox güclü və qardaşlıq mədəniyyətinə söykəndiyini özəlliklə vurğulamaq istəyirəm”

“Azərbaycana səfərimin son vaxtlar cəmiyyəti narahat edən yanlış anlamaların aradan qalxmasına səbəb olacağına ümid edirəm”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıya səfərindən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib. O deyib ki, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ikili əlaqələri və regional prosesləri geniş şəkildə müzakirə etmək imkanı qazanacaq. Bundan başqa, Türkiyənin hökumət başçısı Azərbaycan parlamentində millət vəkillərinə müraciət edərək, Türkiyənin dünya və regional siyasəti ilə bağlı düşüncələrini ortaya qoyacaq.

Rəcəb Tayyip Ərdoğan son vaxtlar Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı mətbuatda neqativ xəbərlərin yayıldığını vurğulayıb: “Həm Azərbaycan, həm də Türkiyə mətbuatındakı bu xəbərlər iki ölkə xalqları arasında təəssüf ki, bir çox sıxıntılara səbəb oldu. Bu arada gedib-gələn millət vəkillərinin açıqlamaları da bu sıxıntıları artırıb. Türkiyə qardaş ölkə olan Azərbaycanın maraqlarını bu günə qədər necə müdafiə edibsə, bundan sonra da müdafiə edəcəyi məsələsində heç kimin azacıq tərəddüdü, şübhəsi ola bilməz, olmamalıdır. Aramızda problem olmadığını dəfələrlə bəyan etməyimizə baxmayaraq belə rəylərin olması bizləri ciddi mənada üzür. Türkiyə və Azərbaycanın dostluq əlaqələrini zədələməyə yönəlmiş kampaniyalar qarşısında bir daha iki ölkə arasında əlaqələrin çox güclü və qardaşlıq mədəniyyətinə söykəndiyini özəlliklə vurğulamaq istəyirəm”. 

Rəcəb Tayyip Ərdoğan, Azərbaycanın dövlət başçısı ilə telefon danışığında son proseslərlə bağlı fikirlərini bölüşdüyünü deyib: “Bu səfərimdəki təkbətək görüşümüzdə də fikir mübadiləsi aparacağıq. Həm Türkiyə-Azərbaycan, həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan əlaqələrini regionla əlaqəli şəkildə müzakirə etmək imkanı qazanacağıq”. 

Türkiyənin baş naziri öz düşüncələrini Azərbaycan ictimaiyyətinə də çatdırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı ilə görüşmək fürsəti olacaq, iki ölkə jurnalistləri üçün birgə mətbuat konfransı keçiriləcək. /ANS PRESS/


В этом разделе