“Quest Net”in əməkdaşlarının həbs müddəti uzadıldı

“Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri və şirkətin daha üç əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, məlum cinayət hadisəsində zərərçəkənlərin sayının həddən artıq çox olması və əməliyyat zamanı götürülmüş məhsulların hamısının hələ ekspertizadan keçirilmədiyi əsas gətirilərək istintaqın müddəti iki ay uzadılıb. 

Bununla əlaqədar Nərimanov rayon Məhkəməsi şirkətin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində bu ilin fevral ayında seçilmiş 3 aylıq həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsada sonradan onların 37-i azadlığa buraxılıb. Lakin şirkətin Azərbaycan Agentliyinin rəhbəri Mirvaleh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər “. 

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. 

LENT.AZ


В этом разделе