QAT Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı təklif olunan variantdan narahatlığını bildirir

Qurumun bəyanatında bildirilir ki, danışıqlarda təklif olunan variant haqqında mətbuatda çıxan son məlumatlar ciddi təhlükələrdən xəbər verir

Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində təklif olunan variantdan narahatlığını bildirir. Bununla bağlı təşkilat bu gün bəyanat yayıb. Bəyanatda bildirilir ki, Qarabağ məsələsi ilə bağlı danışıqlarda təklif olunan variant haqqında mətbuatda çıxan son məlumatlar ciddi təhlükələrdən xəbər verir. 
«Bu məlumatlara görə, həmsədrlər Dağlıq Qarabağın ətrafındakı 5 rayonun azad edilməsi müqabilində işğal olunmuş ərazilərdəki qondarma rejimə müvəqqəti beynəlxalq status verilməsindən ibarət variantı Azərbaycan tərəfinə qəbul etdirməyə çalışırlar. Bu təklif birmənalı şəkildə Ermənistanın maraqlarına uyğundur. Həmsədr ölkələr Ermənistanın guya kompromisə gedərək, Dağlıq Qarabağın statusu ilə bağlı referendumun qeyri-müəyyən vaxta təxirə salınmasına razılaşdığını ciddi bir nəticə kimi təqdim etməyə çalışırlar. Əslində isə Ermənistan referendum keçirilmədən də qondarma rejim üçün əlverişli status əldə edir, həmçinin bu rejim üçün beynəlxalq təminata nail olur və bu günə qədər heç bir beynəlxalq təşkilatın və dövlətin tanımadığı bu qurumu legitimləşdirir. Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər heç bir halda Azərbaycanın pozulmuş hüquqlarını, haqlı mövqeyini tanımaq istəmir və Qarabağ məsələsini Azərbaycanın birtərəfli güzəştləri hesabına “həll” etməyə, Azərbaycanı ərazi itkilərinə razı salmağa çalışırlar»,-deyə bəyanatda vurğulanır.
Bəyanatda həmçinin qeyd edilib ki, bu proses Azərbaycanı Dağlıq Qarabağın həmişəlik itirilməsinə doğru aparır. ABŞ və Rusiya prezidentlərinin fəallaşması, Türkiyənin Ermənistanla yaxınlaşması, «yol xəritəsi» ilə bağlı sənədin imzalanması məhz bu məqsədə xidmət edir. QAT-ın bəyanatında yaranmış şəraitdə Azərbaycanın yalnız özünə güvənməli və seçimini etməli olduğu vurğulanır: «Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, ilk addım olaraq Azərbaycan hakimiyyəti danışıqlar prosesindən dərhal çıxmalı, Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən variantı rədd etməlidir. Bundan sonra bütün siyasi və ictimai qüvvələr arasında geniş müzakirələrə, məsləhətləşmələrə başlanılmalıdır. Biz dəfələrlə bildirdiyimiz mövqeni bir daha bəyan edirik ki, işğal altında olan torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər! Başqa yol yoxdur!». /ANS PRESS/


В этом разделе