Nardaranda əyləncə mərkəzi tikmək istəyən ABŞ diplomatı

Gələn aydan Nardaran qəsəbəsində dənizə yaxın ərazidə müasir tipli istirahət mərkəzi tikiləcək. Layihə -smeta sənədlərinə əsasən tikinti 30 hektarlıq sahəni əhatə edəcək. Şəhərcikdə turistlərin istirahət etməsi üçün bir neçə hotel, restoran və əyləncə mərkəzinin tikilməsi nəzərdə tutulub. Mərkəzin inşası bir neçə il çəkəcək.

Bu barədə “Yeni Müsavat”a etibarlı mənbədən məlumat verilib. Mənbənin sözlərinə görə, əvvəllər mübahisəli ərazi sayılan 30 hektar torpaq sahəsinin artıq kimə məxsus oldugu dəqiqləşdirilib. Belə ki, bir neçə il davam edən məhkəmə cəkişməsi nəticəsində ərazinin qanuni şəkildə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun gəlini Niğar Nəzərovaya verildiyi təsdiqini tapıb. Konstitusiya Məhkəməsi də sözü gedən sahənin N.Nəzərovaya məxsus olduğunu təsdiqləyib.

Qeyd edək ki, N.Nəzərova bir neçə il öncə Nardaranda “Səfixani” deyilən əraziyə vərəsəlik yolu ilə sahib çıxıb. Ancaq bununla razılaşmayan kənd sakinləri Sabunçu Rayon Məhkəməsinə müraçiət edib. Amma buna baxmayaraq işə baxan hakim Eskuderonun xeyrinə qərar çıxarıb. Qəsəbə sakinləri isə ilkin məhkəmə qərarından appelyasiya şikayəti veriblər. Lakin iş yenə də keçmiş səfirin xeyrinə həll olunub. Əlləri hər yerdən üzülmüş narazılar kənddə bir neçə dəfə aksiya keçiriblər. Amma görünür etiraz aksiyaları da işə yaramayıb.

В этом разделе