Müharibənin astanasındayıq?!

Rusiya prezidentinin Bakıya səfəri erməniləri ikiqat azğınlaşdırıb, atəşkəs artıq qüvvədə deyil

Dünən Qarabağ cəbhəsindən yenidən həyəcanlı xəbərlər yayılıb. Cəmi bir neçə gün əvvəl ermənilərin diversiya hücumu nəticəsində qanlı döyüşlərin getdiyi Tərtər istiqamətindən düşmən yenidən mövqelərimizə həmlə edib və ordumuz növbəti dəfə şəhidlər verib. Ən ağrılısı isə budur ki, şəhid hərbçimizin cəsədi bu dəfə də erməni tərəfdə qalıb. Tərtər istiqamətində dünən səhərə yaxın baş verən döyüşlər barədə əvvəlcə erməni mənbələri məlumatlar yayıblar. Bu məlumatlarda Azərbaycan tərəfinin azı bir əsgərini itirdiyi, düşmən tərəfin itki vermədiyi qeyd olunurdu.

Daha sonra ANS telekanalı Qarabağ bürosuna istinadən Tərtərdə gedən döyüşlər barədə xəbər yayıb. Orada deyilirdi ki, dünən səhər saatlarında ermənilər cəbhə xəttində - Tərtərin Həsənqaya kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərinə doğru hücuma keçib. Baş verən şiddətli atışmada ordumuzun 2 şəhid verdiyi və 1 əsgərimizin yaralandığı bildirilirdi.
“Şəhid olan hərbçilər zabit olublar və qarşı tərəfin atəş nöqtələrini məhv edərkən onlardan birinin meyiti qarşı tərəfdə qalıb” - deyə ANS məlumat verib.
Azərbaycan Müdafiə Nazirliyi isə ancaq günün ikinci yarısında baş verənlərlə bağlı informasiya agentliklərinə rəsmi məlumat verib. Nazirliyin mətbuat xidmətindən yayılan məlumata görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib.
“Döyüş təmas xəttində daha gərgin şəkil alıb. Atışma zamanı bir döyüşçümüz ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib. Başqa bir döyüşçümüz isə yaralanıb” - deyə məlumatda bildirilir.
Məlum olub ki, həlak olan zabit Cəlilabad rayonundan olan 1976-cı il təvəllüdlü Abdullayev Əhməd Hüseynağa oğludur. Müdafiə Nazirliyi daha sonra döyüşlərdə ağır yaralanan əsgərimizin də şəhid olduğunu açıqlayıb. O, Bakının Xətai rayonundan hərbi xidmətə çağırılmış 1986-cı il təvəllüdlü Əhmədov Fərid Gülağa oğludur.
APA-nın xəbərinə görə, dünən Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi də işğal altında olan Talış kəndindəki erməni mövqelərindən atəşə tutulub. Xəbərə görə, Ermənistan ordusunun əsgərləri təxminən 20 dəqiqə ərzində DŞK pulemyotu və digər iriçaplı atıcı silahlardan təsərrüfat işləri ilə məşğul olan Tap-Qaraqoyunlu kənd sakinlərini və kəndin kənarındakı çayxananı atəş altında saxlayıb. Kənd sakinləri sahəni tərk etdiklərindən xəsarət alan olmasa da sakinlərə məxsus bir ədəd traktor yararsız hala salınıb. Kənd sakinlərinə məxsus çayxana isə yandırıcı güllələrdən atəşə tutulub. Lakin sakinlərin vaxtında tədbir görməsi nəticəsində yanğın baş verməyib.
Azərbaycan Müdafiə Nazirliyindən bu hadisəyə münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev qəzetimizə yalnız onu bildirdi ki, cəbhə xəttində baş verənlərlə bağlı rəsmi məlumat ancaq yuxarıda göstərilənlərdən ibarətdir: “Əlavə məlumat olsa, onu da yayacağıq”.
Ermənistan Müdafiə Nazirliyinin isə baş verənlərlə bağlı yaydığı məlumatlarda “Azərbaycan ordusunun diversiya qrupunun növbəti həmləsi” barədə bəhs edilir. Orada deyilir ki, dünən səhər saat 06:50 radələrində Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun erməni mövqelərinə həmləsinin qarşısı alınıb. Yaxın məsafədən döyüş zamanı Azərbaycan tərəfi bir itki verərək geri çəkilib, cəsəd erməni tərəfdə qalıb.
“Geri çəkilərkən qrup üzvləri minaya düşüb, bu zaman iki nəfər yaralanıb. Kəşfiyyat məlumatlarına əsasən yaralananlardan biri kəşfiyyat taqımının, o biri isə istehkamçı taqımının komandiridir” - deyə erməni mənbələri bildirir. Orada deyilir ki, erməni tərəfdən ölən yoxdur.
Düşmən qaynaqları onu da bildirir ki, onların nəzarət etdiyi zonada qalan Azərbaycan hərbçisinin cəsədinin üzərindən səsboğucusu olan silah və qandal aşkar edilib: “Çox güman ki, onların məqsədi erməni əsgərlərindən əsir götürmək olub”.
Cəbhə xəttində baş verənlər barədə erməni tərəfinin dezinformasiyalar yayması məlumdur və qəzetimiz tərəfindən bu məqam nəzərə alınır. Lakin itkilərimiz barədə rəqəmlərlə bağlı düşmən tərəfin yaydığı məlumatla Azərbaycan tərəfinin məlumatları arasında uyğunluq olduğu da qeyd edilməlidir.
Qeyd edək ki, Tərtər istiqamətində avqustun 31-də də ağır döyüşlər getmiş və həmin gün erməni diversiya qrupu mövqelərimizə qəfil hücuma keçmişdi. Bu döyüşlər zamanı ordumuz iki şəhid verib. Azərbaycan Müdafiə Nazirliyi düşmənin azı 3 əsgərinin məhv edildiyini açıqlayıb. Erməni tərəfi isə həmin döyüşlərdə Azərbaycan tərəfin itkilərinin daha çox olduğunu iddia etmişdi. Cəbhə xəttinin bu istiqamətində döyüşlərin şiddətlənməsi Rusiya prezidentinin Bakıya səfəri dövrünə təsadüf edir. Bəzi müşahidəçilər bunu Rusiyanın dəstəyindən arxalanan Ermənistanın daha da azğınlaşması və Azərbaycana güc nümayiş etdirmək cəhdləri olduğu qənaətindədir.
Tərtər istiqamətində bu ilin iyun ayında, Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqların bitməsindən dərhal sonra da ciddi insident baş verib. Həmin vaxt erməni tərəfi azı 5 itki verib, Azərbaycan tərəfdən isə gizir Mübariz İbrahimov qəhrəmancasına həlak olub və cəsədi ermənilərdə qalıb. Düşmən tərəf bütün beynəlxalq konvensiyalara və müharibənin hamı tərəfindən qəbul olunmuş normalarına zidd olaraq cəsədi qaytarmayıb.
Cəbhədə vəziyyətin son vaxtlar dramatik şəkildə gərginləşməsi müharibənin bir addımlıqda olduğunu təsdiqləyir. Lakin bu müharibəni kim başlayacaq? Danışıqların tükənəcəyi halda hərbi yola əl atacağına dair dəfələrlə xəbərdarlıq edən Azərbaycan, yoxsa Rusiyanın dəstəyindən arxayınlaşan Ermənistan? Son baş verənlər ikinci variantın istisna olmadığını göstərir. Belə situasiyada Azərbaycan atəşkəs haqda razılaşmanın Ermənistan tərəfdən artıq bir kənara atılmaqda olduğunu nəzərə almalıdır və cəbhə xəttində düşmən mövqelərinə təzyiqlər gücləndirilməlidir. /Yeni Musavat/

В этом разделе