Mənim müşahidələrim deyir ki, ölkədə ümumiyyətlə dini mövzulara çox ehtiyatlı münasibət var-Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli

 

Dini ədəbiyyat nəyə görə qadağan edilir? Yaxud qadağan olunmuş dini ədəbiyyat nədir?

 

Tez-tez qadağan olunmuş dini kitabların satışına, yaxud ölkəyə gətirilməsinə görə vətəndaşların saxlandığı, cəzalandırıldığı haqda informasiyalar yayılır.

Dini ədəbiyyat nəyə görə qadağan edilir? Yaxud qadağan olunmuş dini ədəbiyyat nədir?

Qadağa qanun dilində

Ədliyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə hazırladığı “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında” təlimat var. Bu təlimat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. Təlimat “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının razılıq verməsi qaydalarını müəyyən edir.

Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışını həyata keçirmək istəyən fiziki və ya hüquqi şəxs razılığın alınması üçün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etməlidir. Təlimatda dini ədəbiyyatın satışı ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin quruma müəyyən sənədlər təqdim etməsi nəzərdə tutulur.

Sənəddə o da deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə razılıq verilməsindən bu hallarda imtina edə bilər:

- ixtisaslaşdırılmış satış məntəqələrində satılan dini təyinatlı ədəbiyyatda, əşyalarda və dini məzmunlu başqa məlumat materiallarında Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar əks olunduqda;

- ixtisaslaşdırılmış satış məntəqələrində satılan dini təyinatlı ədəbiyyatda, əşyalarda və dini məzmunlu başqa məlumat materiallarında dini etiqadın və dini həyat tərzinin zor tətbiq edilməsi, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaradan məlumatlar əks olunduqda;

- ixtisaslaşdırılmış satış məntəqələrində satılan dini təyinatlı ədəbiyyatda, əşyalarda və dini məzmunlu başqa məlumat materiallarda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə,',0), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği halları əks olunduqda;

- ixtisaslaşdırılmış satış məntəqələrində dini təyinatlı ədəbiyyatda, əşyalarda və dini məzmunlu başqa məlumat materiallarının satılması ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulmasına səbəb olduqda;

- ixtisaslaşdırılmış satış məntəqələrində dini təyinatlı ədəbiyyatda, əşyalarda və dini məzmunlu başqa məlumat materiallarının satılması şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina etməyə və digər qanunsuz hərəkətlərə təhrik etdikdə;

- müvafiq yerli icra hakimiyyəti orqanı ixtisaslaşdırılmış satış məntəqəsinin yerləşdiyi ərazidə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satılmasını mümkün hesab etmədikdə.

Təlimatda o da qeyd olunur ki, göstərilən hallar dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışını həyata keçirməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən razılıq verildikdən sonra aşkar edildikdə razılığın ləğv edilməsi yalnız məhkəmə qaydasında mümkündür.

“Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli “Media forum” saytına açıqlamasında bildirib ki, qanunla bəzi fikirləri, tutaq ki, ekstermizmi, dini, irqi ayrı-seçkiliyi təbliğ edən ədəbiyyatın ölkəyə gətirilməsi qadağandır: “Bu qadağa eləcə də dini ədəbiyyata aiddir. Əgər dini ədəbiyyat bu kimi fikirləri təbliğ edirsə, o halda qadağan oluna bilər”.

Birlik sədri son dövrlər ölkədə dini ədəbiyyata qarşı həssaslıq hiss olunduğunu deyib: “Dini ədəbiyyata senzura tətbiq edilir. Bunun bir qədər təbii tərəfi də var. Çünki hazırda Azərbaycanda dinə marağın artmasından kənar dövlətlər öz mənafelərinə uyğun istifadə etmək istəyir. İstəyirlər ki, bu boşluğu özləri doldursunlar. Hətta istəyirlər ki, din adı ilə hansısa dövlətə ziyan gətirə biləcək fikirlər təbliğ olunsun. Düşünürəm ki, bunu ölkədə senzuranın güclənməsi ilə, dini ədəbiyyata senzura tətbiq etməklə həll eləmək olmaz. Bu, məhkəmələr yolu ilə həll olunmalıdır. Əgər hər hansı bir ədəbiyyat ziyanlı, zərərli fikir təbliğ edirsə, məhkəməyə müraciət etməklə həmin kitabın yayılmasının qadağan edilməsinə nail olmaq olar. Senzuranın tətbiqi məqsədəuyğun deyil. Baxmayaraq ki, bəzi kitablarda din adı altında cəmiyyət üçün təhlükəli fikirlər daşınır. Bunu da istisna eləmək olmaz”.

Dini ədəbiyyatı qadağan etmək meyarlarının da mübahisəli olduğunu deyən Hacı Şahin Həsənli bəzi hallarda məsələyə yanaşmada müəyyən qərəzin üzə çıxdığını vurğulayıb: “Mənim müşahidələrim deyir ki, ölkədə ümumiyyətlə dini mövzulara çox ehtiyatlı münasibət var”.

Ş.Həsənli onu da qeyd edib ki, dini ədəbiyyata qoyulan qadağa yerli istehsalın olmaması səbəbindən daha çox gözə dəyir: “Ölkədə o qədər elmi potensial yoxdur ki, dini kitablar yazılsın. Azərbaycanda dindən yazan müəlliflər azdır. Bu da xarici ölkələrə, başqa yerdə yaşayan alimlərə müraciət eləməyə səbəb olur - elmin sərhədi yoxdur. Bəzən yersiz qadağalarla da nəyəsə nail olmaq olmur. Xüsusən də internetin, virtual aləmin belə yüksək olduğu dövrdə. Həm də insan xisləti elədir ki, qadağan olunana marağı daha da artır. O səbəbdən mən ifrat qadağaların əleyhinəyəm. Bu, əksinə, cəmiyyətdə radikallaşmanı stimullaşdıran amillərdəndir. Düşünürəm ki, belə məsələlərə dözümlü yanaşmaq lazımdır. Bəzi hallara da şahid oluruq ki, zərərli dini ədəbiyyat adı ilə zərərsiz ədəbiyyat “qara siyahı”ya düşür”.

Hacı Şahin Həsənli qadağan olunmuş dini ədəbiyyatla bağlı maarifləndirmənin aşağı səviyyədə olduğunu deyib: “Kitablarin gətirilməsində əsas maraq bizneslə bağlıdır. Sadə vətəndaşlar dini kitabları ölkəyə gətirməklə biznes maraqlarını güdürlər. Ona görə də bəzən hansı dini ədəbiyyatın yasaq edildiyi barədə məlumata malik olmur, ümumiyyətlə belə məsələlərdən xəbərdar olmurlar. Yəni belə bir məlumat da verilmir ki, hansı kitab qadağan olunub, hansı kitab açıq satışdadır. Vəziyyətin belə olması dini kitablarla bağlı məsələnin şəffaf olmamasından irəli gəlir”.

Ekspert sonda onu da qeyd edib ki, qadağan olunmuş dini kitablarla bağlı sabit siyahı klassik ədəbiyyatı özündə əks etdirə bilər: “Bu siyahı ictimaiyyətə təqdim olunsa belə o, sabit olmayacaq. Çünki yeni ədəbiyyat yarandıqca onlardan bəziləri də bu siyahıya düşə bilər”.

Yasaq kitabların ictimaiyyətə bəlli olan adları (Siyahı “İslam.com.az” saytından götürülüb)

1. “Rəsulullah" (Şeyx Abbas Qumi)

2. “Bütün müsəlmanlar bilməlidirlər” (Ayətullah İbrahim Əmini)

3. “Fiqhi məsələlər” (Əbdul Hüseyn Şərafuddin əl-Musəvi)

4. “Bağdad alimlərinin bəhsi” (Məqatil-ibn Ətiyyə)

5. “Kərbəla şəhidlərinə ağlamaq” (Musa Günəş, Cəfər Bəndidərya)

6. “Xülasətül” (Əhkam Şeyx Nasir Məkarim Şirazi)

7. “Şəriət hökmlərinin izahı” (Ayətullah Məhəmməd Fazil Lənkərani)

8. “Əhli-beyt Ayət-h” (Fazil Lənkərani, Ayət-h Şəhabiddin İşraqi)

9. “Necə hidayət oldum” (Məhəmməd Ticani Səmavi)

10. “Doğru olanlarla birgə” (Məhəmməd Ticani Səmavi)

11. “Nurul-Quran fi təfsiril Quran” (Seyyid Kamal Fəqih İmani)

12. “Ümmət və 20 məsələ və yaxud İslam vəhdətinə doğru” (Seyyid Əli Hüseyni Boti)

13. “Şiəlik necə yaranmışdır?” (Seyyid Məhəmməd Baqir Sədr)

14. “Vahabi firqəsi” (Seyid Məhəmməd Həsən Qəzvini)

15. “İmamiyyə şiələrinin əqidələri” (Ayətullah Cəfər Sübhani)

16. “Vəhhabiliyin ainləri” (Ayətullah Cəfər Sübhani)

17. “Din təlimləri” (Ayətullah İbrahim Əmini Seyyid Əliəkbər

Musəvi)

18. “Şiə cavab verir” (Seyyid Rza Hüseyni Nəsəb)

19. “On dörd məsumun həyatı” (Əl-Bəlağ müəssisəsi)

20. “Məsum imamların həyatı” (Mehdi Pişvari)

21. “On dörd məsum” (Ayətullah Məzahiri)

22. “Tarixi və dini bəhslər” (Faiq Vəli oğlu)

23. “Üsuliddindən dərslər” (Haqq yolu müəssisəsi)

24. “Məhərrəmlik” (Seyyid Əli Əkbər Ocaqnejad)

25. “Məhərrəmlik haqda sual-cavab” (Təkamül Tərcümə Mərkəzi)

26. “Karvana yetiş” (Şəhid Abdullah Azzam)

27. “İslam bu gün” (Abu əl-əlya əl-Məududi)

28. “Bir yəhudi fitnəsinin nəticələri” (Zəhirəddin əl-Mədəni)

29. “Kim müsəlmandır?” (Ziyaəddin əl-Qudsi)

30. “Kəlimeyi-şəhadətin şərtləri və onu pozan şeylər” (Salih bin Fauzan bin Abdullah əl-Fauzan)

31. “Namazı tərk edənin hökmü” (Əl Albani)

32. “Gecikmiş etiraflar” (Məhəmməd İbn Əbdül Əziz Əl Müsnəd)

33. “İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmək” (Məhəmməd Saleh Əl Münəccid)

34. “Allah bizdən nə tələb edir?” (xristianlığa aid)

35. “Həyatın mənası nədədir? (xristianlığa aid)

36. “Müqəddəs kitab əslində nə öyrədir?” (xristianlığa aid)

В этом разделе