“İyunun 25-də Rusiyanın Kazan şəhərində Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdən müsbət nəticələr gözləmirəm”
Bunu SalamNews-a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.
Vəfa Quluzadə hesab edir ki, vasitəçilik edən Dmitri Medvedev Ermənistana təzyiq göstərə bilmir. "Rusiya politoloqları da bu fikirdədir ki, Dmitri Medvedev bu günə qədər münaqişənin həlli istiqamətində xoş sözlərdən savayı, heç bir real iş görməyib. Bu bir daha onu göstərir ki, münaqişənin həlli istiqamətində Medvedevin imkanları yoxdur. Qarabağ münaqişəsi ilə bağlı bütün imkanlar Rusiyanın baş naziri, sabiq prezident Vladimir Putinin əlindədir".
Politoloq münaqişənin tez bir zamanda həlli üçün Dmitri Medvedevin ermənilərə Azərbaycan torpaqlarından çıxmalı olduqlarını bildirməlidir. "Medvedev ermənilərə "Azərbaycan torpaqlarından çıxın" deyə biləcəkmi? Yaxud da ermənilər Medvedevin sözlərinə məhəl qoyacaqmı? Ona görə də mən Kazan görüşünün nəticəsiz olacağını düşünürəm".
Vəfa Quluzadə Kazan görüşünün nəticəsiz başa çatacağı təqdirdə, Ermənistan-Azərbaycan arasında müharibənin aktiv fazasının başlaması ehtimalını da istisna etmir.