Yaxın həftələrin ən önəmli hadisələrindən biri Fələstinin FƏTH və HƏMAS hərəkatlarının öz aralarında razılığa gəlmələri oldu
Yaxın həftələrin ən önəmli hadisələrindən biri Fələstinin FƏTH və HƏMAS hərəkatlarının öz aralarında razılığa gəlmələri oldu. Misirin vasitəçiliyi ilə gizli həyata keçirilən görüşlərin nəticəsində ikitərəfli idarəçiliyə son qoyma kimi önəmli bir addım atıldı və 2006-cı ildən bu yana bir-biri ilə mübarizə şəraitində olan iki Fələstin təşkilatı birləşdi. Danışıqlar nəticəsində müstəqil şəxslərdən təşkil olunacaq müvəqqəti birlik hökumətinin qurulması, bir il müddətində seçkilərin keçirilməsi, mərkəzləşmiş təhlükəsizlik komitəsi meydana gətirmək mövzusunda razılığa gəlinmişdir.
Razılıq Fələstin rəhbərliyinin 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin Dövlətinin BMT tərəfindən tanınması istiqamətindəki səylərini davam etdirməsi prosesi ilə birbaşa əlaqəlidir. Fələstin rəhbərliyində ikili quruluşun və HAMAS-FƏTH razılaşması Fələstinin müstəqilliyinin tanınması baxımından əsas şərtlərdən biri olaraq hesab edilirdi. Dolayısı ilə razılaşma hər şeydən öncə dövlətləşmə prosesiylə birbaşa əlaqəlidir.
İsrail rejimi-Fələstin məsələsi və Yaxın Şərqdə gedən bəzi proseslər razılaşmağa gəlinməsi mövzusunda birbaşa təsirli amillərdəndir. Bu təsir həm FƏTH, həm də HƏMAS-a aiddir. Hadisələri FƏTH təşkilatına təsir baxımından qiymətləndirsək, son aylarda yaşanan iki hadisə təsirli olmuşdur: İsrail rejimi ilə davam etdirilən görüşlərin nəticəsiz qalması və ABŞ-ın BMT Təhlükəsizlik Komissiyasında İsrailin rejiminin Qərbi Şəriyyədə yeni yəhudi məskunlaşması üçün inşaatlara qarşı verilən qərara "veto" tətbiq etməsi.
Baş verən digər hadisələri HƏMAS-a təsir baxımından qiymətləndirsək, Yaxın Şərqdə yaşanan müxalif xalq hərəkatlarının təsir etdiyini deyə bilərik.
Bütün bunlarla yanaşı, müxalif hərəkatlara digər təsir ictimai rəyin gözləntiləri, xalqın tələblərinin idarəçilər tərəfindən daha çox diqqət olunmasını təmin etmək və hökumətin əhəmiyyətli bir anlayış olaraq ortaya çıxması olmuşdur. Fələstin rəhbərliyi daxilindəki bölünmədən narahat olan fələstinlilərin İsrail rejiminə qarşı mübarizədə Fələstin tərəfini zəiflədən ikitərəfli quruluşun sona çatması istiqamətində bir gözləntiləri vardı. Eyni zamanda son həftələrdə Qəzza və Qərbi Şəriyyədə rüşvət və korrupsiyaya qarşı idarəçilik əleyhinə nümayişlər təşkil edilirdi. Bu da iki təşkilatı bir-biri ilə razılaşmaya təşviq edən faktorlardan biri idi. Razılaşma zamanı HƏMAS tərəfini təmsil edən Musa Əbu Marzuk hər iki təşkilatın yaxınlaşmasının səbəblərindən ipucları vermişdir: "Ərəb dünyasının yeni gerçəkləri bu razılaşmanı mümkün etmişdir".
Misirdə gedən dəyişikliklər də bu razılaşmaya səbəb olan amillərdən biridir. Baxmayaraq ki, Hüsnü Mübarək zamanında da Misir vasitəçi rol oynamağa çalışırdı. Lakin həmin dövrdə HƏMAS Misirin səmimiliyinə güvənmirdi. Misirdə baş verən siyasi dəyişikliklər HƏMAS-la Misir münasibətlərini yeni mərhələyə adladıb. /deyerler/