Fərda Qədirovun istifadə etdiyi telefon nömrəsinin sahibi Mədət Kazımov hanı?

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisənin istintaqı davam edir. Rəsmi məlumatlara inansaq, indiyə qədər işlə bağlı iki nəfərin barəsində həbs-qətimkan tədbiri seçilib. Onlardan biri – Nadir Quliyev cinayətdə iştirakda, digəri – Cavidan Amirov isə qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunur.

Qeyri-rəsmi məlumatlarda həbs olunanların sayının ən azı 3 olduğu vurğulanır. Çünki yaxınlarının dediyinə görə, Qazax rayon sakini Mədət Kazımov da artıq 5-ci gündür Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Atası Qafur Kazımov “Media forum”a oğlunun mayın 4-də həbs olunduğunu deyib. O qeyd edib ki, ADNA-dakı cinayəti törədən və daha sonra özünə qəsd edən Fərda Qədirovun istifadə etdiyi telefon nömrəsi M.Kazımovun adına olub və oğlu bu səbəbdən tutulub.

Q.Kazımovun söylədiklərinin birinci hissəsi mayın 4-də Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda da təsdiqlənib. Məlumatda bildirilib ki, Fərda Qədirov Qazax rayonu, Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlayıb.

Amma rəsmi məlumatda M.Kazımovun həbs olunub-olunmadığı göstərilməyib. Mayın 4-dən sonra keçən 4 gün ərzində M.Kazımovun həbsi ilə bağlı heç bir rəsmi instansiyadan məlumat almaq mümkün olmayıb. M.Kazımov şübhəli, yoxsa təqsirləndirilən şəxs qismində tutulub, barəsində həbs-qətimkan tədbiri seçilib-seçilməyib, harda saxlanılır – bu sualların heç birinin rəsmi cavabı yoxdur. Atasının mətbuata dediyinə görə, oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır – amma bu da rəsmən təsdiqini tapmayıb.

“Media forum” mayın 8-də yenidən DİN və Baş Prokurorluqdan bu suallara cavab almağa çalışıb. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov sualları istintaq orqanına ünvanlamağı məsləhət görüb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə sualların heç birinə konkret cavab verməyib. O bildirib ki, zəruruət yarandığı halda istintaqın gedişi ilə bağlı məlumat veriləcək: “Hazırda intensiv istintaq hərəkətləri davam etdirilir. 8 gün ərzində iki dəfə rəsmi məlumat yayılıb. Yəqin yaxın günlərdə də, zərurət yaransa, məlumat veriləcək”.

E.Sultanov Mədət Kazımovla bağlı sualları cavablandırmaqdan imtina edib: “İstintaqın gedişi və sizin qaldırdığınız məsələlərlə bağlı məlumat veriləcək”.

Hüquqşünas Aslan İsmayılov vəziyyəti “Media forum”a şərh edərkən deyib ki, istintaqın bu davranışı doğru deyil: “Mənə jurnalistlər tez-tez sual verirlər ki, istintaqın gedişi ilə bağlı mətbuata məlumat verilməlidirmi? Şübhəsiz ki, bu cür işin istintaqı üzrə məlumatların açıqlanması işin gedişinə mane olar. Bu birmənalıdır.

Amma elə məsələlər var ki, onların istintaqın gedişinə heç bir maneçiliyi yoxdur. Əgər bu işlə bağlı kimsə həbs olunubsa, adı açıqlanmalıdır. Bu şəxs şübhəli, yaxud təqsirləndirilən şəxs qismində saxlanılıbsa, bu barədə məlumat verilməlidir. Məhkəmə qərarı olmadan, bir şəxs 48 saatdan artıq saxlanıla bilməz. Əgər saxlanılırsa, mütləq məhkəmə qərarı olmalıdır. Həmin məhkəmədə şübhəli və ya təqsirləndirilən şəxs vəkillə təmin olunmalıdır, ailəsinə məlumat verilməlidir. Mətbuat maraqlanırsa, bütün bunlar deyilməlidir. Burda istintaqın gedişinə təsir edəcək bir şey yoxdur”. «Media forum»

В этом разделе