Bakının Yeni Günəşli qəsəbəsində yerləşən, tikintisi yarımçıq qalan “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin inşasının nə vaxt davam etdiriləcəyi hələ sual altındadır.
Bu sual işarəsinin ortadan nə vaxt götürüləcəyini nə eyni adlı dini icmanın rəhbəri Mirtofiq Rasizadə, nə də Qafqaz Müsəlmanları İdarəsində kimsə bilir.
“Media forum” saytına açıqlamasında Mirtofiq Rasizadə bildirib ki, onların əsas məqsədi məscidin sökülməməsi olub: “Biz mübarizə apardıq və buna nail olduq. İndi bundan sonra onu kim tikəcək, necə tikəcək, bu barədə hər hansı məlumata malik deyiləm”.
M.Rasizadə onu da xatırladıb ki, ötən ilin may ayında prezident İlham Əliyev bu məscidin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsinə dair tapşırıq verib: “Dəfələrlə, elə bu günlərə qədər Qafqaz Müsəlmanları İdarəsinə məcsidin tikintisiylə bağlı müraciət etmişəm, lakin onların da konkret cavabı olmayıb”.
İcma rəhbəri onu da qeyd edib ki, bundan sonra məscidin tikintisini hansı qurumun davam etdirəcəyinin onun üçün heç bir fərqi yoxdur: “Təki məscidin tikintisi davam eləsin, yarımçıq qalmasın”.
Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Media forum”a bildirib ki, məscidlə bağlı göstərişdə incə məqam var: “Həmin məqam ondan ibarətdir ki, göstərişdə məscidin tikintisinin müvafiq icra strukturuna tapşırıldığı deyilir”.
Lakin R.Dadaşova “müvafiq icra strukturu”nun hansı orqan olduğunu açıqlamayıb: “Deyə bilmərəm, bu bizim səlahiyyətimizdə deyil. Ola bilər, icra hakimiyyəti olsun, ola bilər bələdiyyə olsun. Yalnız bizə o aiddir ki, məscid tam tikilib təmir olunandan sonra Qafqaz Müsəlmanları İdarəsinə veriləcək. Bundan sonra ora imamın, din xadiminin təyinatı idarənin səlahiyyətlərinə daxil olacaq”.
Tikintisi 1990-cı illərin sonundan yarımçıq qalmış “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin sökülməsi haqda Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 2009-cu ildə məhkəmə qərar çıxarıb. Ancaq qərar icra olunmayıb. 2010-cu ilin may ayında prezident İlham Əliyev məscidin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsini tapşırıb. Bundan sonra Ali Məhkəmənin Plenumu işi 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə qaytarıb. Dekabrın 29-da birinci instansiya məhkəməsi məscidin sökülməsi qərarını ləğv edib və onun Qafqaz Müsəlmanları İdarəsinə verilməsini təsdiqləyib. ("Media forum")