Ermənisiz "Ermənistan"

İrəvan

İşğalçı rejim gündən-günə səfalət bataqlığına batmaqda davam edir

Daşnaksütyun Partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rüstəmyan etiraf edib ki, "Ermənistanda yaranmış ağır maliyyə və sosial böhranlara görə durum belə davam edərsə, ermənilər milli azlığa çevriləcəklər. Bu problemin yeganə çözüm yolu yeni bir inqilabın gündəmə gəlməsidir. Bu gün Ermənistan elə bir ağır vəziyyətdədir ki, insanlar kütləvi şəkildə ölkəni tərk etmək məcburiyyətindədirlər. Xüsusilə kəndlər tam şəkildə boşalmaqdadır. Fermerlər onlara məxsus torpaq sahələrini və digər mülkiyyət vasitələrini sataraq qaçıb gedirlər". Daşnaksütyun Partiyasına yaxın olan erməni strateji araşdırma mərkəzləri son zamanlar etiraf etməyə başlayıblar ki, Ermənistandakı zənginlər belə öz kapitallarını xarici ölkələrə transfer etməkdə maraqlıdırlar. İndi heç bir erməni zəngini, iş adamı, hətta İrəvandakı oliqraxlar da Ermənistanda yatırım qoymurlar. Maddi imkanları olanlar isə hakimiyyətə etibar etmirlər. Erməni zənginləri belə etiraf edirlər ki, hakimiyyət regionda heç bir problemi həll etmək iqtidarında deyil. Beləliklə, Ermənistanda kənd təsərrüfatı, digər sənaye və istehsal vasitələri son 30 ildə özünün ən ağır durumunu yaşamaqdadır. Prosesdən yayınmaq, Ermənistanın mümkün olan bütün vasitələrlə varlığını qorumaq üçün "milli təhlükəsizlik" doktrinasını gündəmə gətirməklə hakimiyyətin devrilməsi iddiaları artıq günün mövzusuna çevrilib. Bunun prioritetlərinin cizgiləri barədə artıq açıq şəkildə belə danışılmaqdadır. Milli üfüqi siyasətin bərpası, sosial ədalətin bərqarar olması, insan hüquqularının inkişaf etdirilməsi, yeni hakimiyyətin formalaşdırılması tipli çağırışlara faktiki olaraq erməni cəmiyyəti ironik baxışla yanaşır. Çünki bu cür yeni tendensiyaların dərinləşməsi təhlükəsi Ermənistanın ümumiyyətlə bir dövlət kimi mövcudluğuna son qoya bilər. Politoloq Eduard Şarmazanov isə etiraf edib ki, Ermənistan bu gün elə bir durumdadır ki, hər hansı bir inqilabi proses baş verə bilməz. çünki əhali artıq nə iqtidara, nə də müxalifətə inanır.

Borclar içində itib-batan Sərkisyan
İ

qtisadi fəlakət, maliyyə böhranı kimi problemlərin həllinə belə ümid yoxdur. Baş nazir Tiqran Sərkisyan və onun komandası böhrandan çıxış yolu yönündə ardıcıl şəkildə açıqlamalar versə də, real həyatda Ermənistanın xarici borclarının daim artan xətlə yüksəlməsi regionda real durumun heç də belə olmadığını təsdiq edir. Hakimiyyət imitasiya edərək iqtisadi yüksəliş barədə havadan götürülmüş xəyali rəqəmlərə istinad etməklə yetinməkdədir. Aylıq maaşların, təqaüdlərin xaricdən alınmış kreditlər hesabına ödənilməsi ölkə üçün daha ağır təhlükə mənbəyinə çevrilib. Çünki xaricdən alınan bu borcları Ermənistan çox da uzaqda olmayan yaxın 5-6 ildə ödəməyə borcludur. Hal-hazırda Ermənistanın xarici borcları 3 milyard dollar həddindədir. Bu qədər maliyyə vəsaitinin 70 faizi birbaşa dövlət borcları hesab olunur. BMT-nin miqrasiya problemləri üzrə araşdırma mərkəzinin hesabatında bildirilir ki, 3 milyon 500 min nəfər əhalisi olan Ermənistandan 1 milyon 700 min nəfər son illər ərzində xarici ölkələrə miqrasiya ediblər. Bu proses indi də davam edir. Milli Bankın keçmiş sədri, Erməni Milli Konqresi idarə heyətinin üzvü Baqrat Asatryan bildirib ki, Ermənistan xarici borclarını ödəyə bilməyən dövlətlər siyahısına daxil edilib. Bu çox təhlükəli bir tendensiyasının başlanğıcı deməkdir. Bütün bunları diqqətlə araşdıran beynəlxalq maliyyə resursları Ermənistana kreditlərin verilməsi, yatırımların yönləndirilməsi kimi prosesləri dayandıra bilərlər. Bunu Ermənistanın iqtisadi göstəriciləri də təsdiq edir. Xarici borclar içində üzən Ermənistanın indiki halda digər problemi regionda istehsal olunan malların ixracatında yaranmış problemlərdir. Çünki Ermənistanın mallarına görə alıcılıq tələbatı ildən-ilə azalmaqdadır.
İrəvandakı "ARKA" iqtisadi təhlillər mərkəzinin tədqiqatlarında isə açıq şəkildə etiraf olunur ki, son 10 ildə Ermənistanın xarici ticarət əlaqələrində idxalat ixracatı üstələməyə başlayıbdır. Bu da nəticədə daxili milli gəlirlərin azalmasına səbəb olub. Ermənistan artıq istehsal ölkəsindən tələbat regionuna çevrilib. Son bir ildə ölkənin ixracatı 30.9 faiz azalıb. Bu rəqəm Ermənistan üçün iqtisadi və fəlakətli bir həddin başlanması deməkdir. "Armenia Today" agentliyinə Beynəlxalq Valyuta Fondundan verilən açıqlamaya görə, Ermənistanın xarici borclarının ildən-ilə artması bu ölkəyə yönəldilən yatırım siyasətinin çox riskli olduğundan xəbər verir. Araşdırmalara görə indiki iqtidarın yarıtmaz siyasətinin nəticəsi kimi Ermənistanın valyuta ehtiyatları da artıq tükənməkdədir. Milli pul vahidi dram dollar nisbətdə artıq 1 dolların 400 dram civarında ekvivalentinə səbəb olub. Dramın ilin sonuna kimi dönərliyinin daha da azalması, iqtisadi və sosial problemlərin dərinləşməsinə səbəb olacaq. Ermənistanın maliyyə naziri Tiqran Davtyan da etiraf edib ki, "yaranmış böhrandan çıxmaq üçün Rusiyadan 500 milyon, Dünya Bankından 700 milyon dollar kredit almaq istəsək də, bunun ödənilməsində qarşı tərəf hələ də rəsmi açıqlama vermək istəmir. Hətta beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyini də hiss etmirik". "MİTK" Erməni Araşdırmalar Mərkəzinin rəhbəri İqor Murayan yaranmış böhrana görə bildirir ki, "biz yaranmış iqtisadi, maliyyə və sosial böhranlara görə çoxkombinasiyalı layihələr hazırladıq. Təssüflər olsun ki, bunun heç birinə nail ola bilməmişik. Proseslər faktiki olaraq əleyhimizə işləyir. Bu da öz növbəsində əhalinin kütləvi şəkildə xaricə miqrasiya etməsinə səbəb olub. Orta təbəqəli və imkanlı vətəndaşlar əllərində olan mülkiyyəti dəyər-dəyməzinə satıb köçürlər".

İntihar dalğası

Lakin işğalçı ölkənin problemi bununla da bitmir. «Ermənistanda intiharların əsas səbəbi ağır sosial durumdur.» Bu sözləri İrəvanda mətbuat konfransı keçirən erməni psixoloq Karine Nalçadcyan deyib. Ermənistanda 2010-cu ilin ikinci yarısında intihar edənlərin sayı 371 nəfərə çatıb. Bu isə ötən il ilə müqayisıdə 26% çoxdur. Erməni psixoloqun fikrincə dünya praktikasında intihar edənlərin əksəriyyəti 25 yaşına qədər olan şəxslərdir. Lakin Ermənistanda bu göstərici uyğun gəlmir. Belə ki, Ermənistanda ən çox intihar edənlər (49,2%) işsizlər və təqaüdçülərdir. Artıq erməni vətənpərvərliyi, milliyyətçiliyi kimi ənənəvi təbliğatlara inananların sırası seyrəlməkdədir. Hətta kilsənin özü belə bu məsələdə aciz qaldığını etiraf edir.


Əli Cəfəri
İslam-Azeri.az

В этом разделе