Ərdoğan ordudan qisas alır- "Newsweek"

Həbs edilən keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun oğlu: “Mənim atam PKK-ya qarşı əlində silah aslanlar kimi döyüşüb”

Türkiyədə cümhuriyyət tarixində ilk dəfə silahlı qüvvələrin keçmiş Baş Qərargah rəisinin həbs edilməsi siyasi gündəmdə əsas yeri tutmaqdadır. Qərb mediası da bu hadisəni müxtəlif yönlərdən geniş təhlil edir. ABŞ-ın nüfuzlu “Newsweek” həftəliyi ordu generalı İlkər Başbuğun “silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək”, “hökuməti güc yolu ilə devirməyə cəhd göstərmək” kimi ağır ittihamlarla həbs edilməsini şərh edərək yazır ki, bu hadisə hökumətlə ordu arasında uzun müddətdir davam edən çəkişmədə “dramatik gəlişmə”dir.

Həftəlik qeyd edir ki, Başbuğa qarşı irəli sürülmüş ittihamlar “zəif görünür” və ağlabatan hesab edilmir. “Baş nazir Ərdoğan Türkiyəni daha demokratik hala gətirdiyini elan etsə də, indi keçmiş düşmənlərinin avtoritar taktikalarını onların özlərinə qarşı tətbiq etmiş kimi görünür”, deyə məqalədə bildirilir.
Amerika jurnalı qeyd edir ki, Türkiyədə mülki iqtidar əsas güc halına gəlib. Başbuğun həbs edilməsi isə Ərdoğanın bir vaxtlar hakim güc olan ordunun gücünü əlindən almaq üçün avtoritar taktikalardan istifadə etdiyini göstərir. “Hökumət prokurorlara təlimat vermədiyini bildirir, lakin son üç ildə yüzlərlə yüksək rütbəli hərbçilərin, jurnalistlərin həbs edilməsinə görə türklərin bir çoxu baş verənləri dünyəvilik tərəfdarlarının siyasi islamçılara qarşı illərdir tətbiq etdiyi təzyiqlərin qisası hesab edir. Başbuğun həbsi, şübhəsiz ki, dramatik hadisədir. Lakin onun barəsində irəli sürülən ittihamlar zəif görünür. Şübhəsiz ki, ordu çevrələri onun həbsindən ümidsizliyə düçar olacaq, ancaq bu məsələdə hansısa addım ata bilməyəcəklər. Ordu Türkiyədə çox mötəbər qurum olmaqda davam etsə də, tankları küçələrə çıxarmaq artıq seçim deyil. Ötən il ordu komandanları həbslərə etiraz olaraq kütləvi şəkildə istefa versələr də, bunun AKP-yə ziyanı olmadı. Partiya ötən seçkilərdə 50 faizə yaxın səs qazandı”, deyə məqalədə bildirilir.
“Newsweek” qeyd edir ki, Ərdoğan ordunun gücünü məhdudlaşdırmaq üçün atılan addımları demokratikləşmə kimi təqdim edir, lakin Türkiyədə həbs edilənlərin sayının durmadan artması, ölkənin 100-ə yaxın jurnalisti həbsdə saxlamaqla Çini belə geridə buraxması Avropa İttifaqının narahatlıqlarını artırıb. Məqalədə deyilir ki, 10 il əvvələ qədər ordu məhkəmələr vasitəsilə Ərdoğan da daxil olmaqla dünyəvi dövlət üçün təhlükə hesab edilən şəxsləri həbsə göndərirdi. İndi isə Ərdoğan düşmənlərinin taktikasını onların özlərinə qarşı tətbiq edir.
Silivri həbsxanasında təkadamlıq kamerada saxlanılan Başbuğun oğlu Murat Başbuğ isə “Hürriyət” qəzetinə açıqlamasında deyib ki, atasının həbsini “tragikomik” adlandırmaq belə həddən artıq yumşaq ifadədir. “Bu, olduqca iyrənc addımdır”, deyə keçmiş Baş Qərargah rəisinin oğlu bildirib. M.Başbuğ deyib ki, əslində atasının həbsi üçün zəmin 2008-ci ildən hazırlanırdı: “Atam ifadəsində də aydın şəkildə deyib. Dövlətin zirvəsində, prezidentlə, baş nazirlə oturub danışan, ölkənin təhlükəsizliyinə cavabdeh olan adam necə terror təşkilatının rəhbəri ola bilər? Terror təşkilatı lideri olmaqda ittiham etdikləri atam 1993-1995-ci illərdə ölkənin cənub-şərqində terrorçulara qarşı aslanlar kimi döyüşüb. Döyüşlərdən birində şəhid olmasını son anda adyutantı önləyib. Onun PKK-ya qarşı necə döyüşdüyünü Osman Pamukoğlundan soruşsunlar. Atama qarşı irəli sürülən ittihamlar olduqca iyrəncdir”. /Yeni Müsavat/

В этом разделе