Elşad İskəndərov mənəvi dəyərlərimizə bağlı bir insandır- Hacı Şahin Həsənli

"Ümid edirik ki, DQİDK-nin yeni sədri daha öncə buraxılan səhvləri düzəldəcək"

Ümid edirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni təyin edilmiş sədr daha öncə buraxılan səhvləri düzəldəcək və Azərbaycanda din-dövlət münasibətlərini müsbət məcrada inkişaf etdirəcək. Bunu SalamNews–a müsahibəsində ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.

O qeyd edib ki, Azərbaycanda inanclı insanlarla dövlət arasında yanlış siyasət üzündən uçurum yaranıb.

“Ümid edirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni təyin edilmiş sədr (Elşad İskəndərov - SalamNews) daha öncə buraxılan səhvləri düzəldəcək və Azərbaycanda din-dövlət münasibətlərini müsbət məcrada inkişaf etdirəcək. Çünki Elşad İskəndərov gənc və geniş dünya görüşünə malik, eyni zamanda mənəvi dəyərlərimizə bağlı bir insandır. Düşünürəm, din-dövlət münasibətlərinə başqa bir aspektdən yanaşacaq və onları konstruktiv bir formada inkişaf etdirəcək, din-dövlət dialoqunun genişlənməsinə təkan verəcək”, - Şahin Həsənli deyib.

Komitənin yeni rəhbərindən çox şey gözləndiyini vurğulayan Hacı Şahin həmçinin bildirdi ki, baş vermiş dəyişikliyi müsbət dəyərləndirir.

“Azərbaycanda dini sahədə islahatlara ciddi ehtiyac var və ümid edirəm ki, DQİDK əsl funksiyasını həyata keçirəcək. Bildiyimiz kimi, bu təşkilat dini qurumlarla dövlət arasında münasibətləri tənzimləməli, eyni zamanda dini azadlıqların təmin edilməsinə yardımçı olmalıdır. DQİDK əsas funksiyası bu iki məsələdən ibarətdir və ümid edirəm ki, bu məsələlərdə ciddi dəyişiklik olacaq. Çünki cəmiyyətdə dinlə dövlət arasında anlaşma olarsa, bu, dövlətçiliyin möhkəmlənməsinə xidmət edər. Bu olduqca prinsipial və həssas məsələdir”, - Hacı Şahin deyib.

Onun sözlərinə görə, Azərbaycan dindarları daim dövlətə və millətə sadiq insanlar olublar. Sadəcə, bəzən yanlış atılmış addımlar küskünlük yaradıb: “Ümid edirik ki, bu küskünlük aradan qalxacaq və Azərbaycanda din-dövlət münasibətləri müsbət istiqamətdə inkişaf edəcək”.

В этом разделе