BVF: İrana qarşı sanksiyalar neftin qiymətini 30% artıracaq

Beynəlxalq Valyuta Fondu (BVF) İran neftinin ixracına embarqo qoyularsa, dünya bazarında neftin qiymətinin 20-30% artacağını bəyan edib

“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, BVF ekspertləri İrana qarşı sanksiyaların nəticələrinin Liviya inqilabından sonra olduğu kimi, təhlükəli və irimiqyaslı olacağını bildiriblər.

“Əgər İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq. Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq” - deyə ekspertlər qeyd ediblər.

Qeyd edək ki, dünyada hasil olunan neftin 25%-i, İraq, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrdən ixrac olunan neftin isə 40%-i Hörmüz körfəzi vasitəsilə həyata keçirilir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barel neft alıb.

Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

В этом разделе