İmam-camaat dini icmalarla bağlı qanunların sərtləşdirilməsinə münasibət bildirib
“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər ediləcək. “Mediaforum” saytının məlumatına görə, bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədrinin sözlərinə görə, ölkə başçısının Milli Məclisin plenar iclasına tövsiyə etdiyi yeni layihəyə əsasən İslam dini icmaları bundan sonra Qafqaz Müsəlmanları İdarəsinə hesabat verəcəklər.
Ancaq dəyişikliklər layihəsi təkcə bundan ibarət deyil. Qanuna “Peşəkar dini fəaliyyət və din xadimi” adlı maddə əlavə edilib. Bundan başqa, yeni redaktəyə görə, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir.
Bundan başqa, dəyişikliklərdə Quran kurslarının yaradılması ilə bağlı müddəalar var. Qanuna başqa bir əlavədə qeyd olunur ki, “dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabların öyrənmə kursları həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır”.
Layihə Milli Məclisin dəstəyini qazansa, dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlar hesab olunacaq. Azərbaycan Respublikasında fəaliyyət göstərən İslam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə hesabat təqdim etməlidir.
Qanunun 8.1-ci maddəsində yeni redaktəyə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.
Eyni zamanda dini qurumların qeydiyyatı nisbətən sərtləşdirilib. Belə ki, qanunun 8.2-ci maddənin 1-ci cümləsində “10 nəfər yetkin yaşlı şəxs” sözləri “50 nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilib. Qeyd edək ki, buna qədərki qanuna əsasən dini icmalar həmin ərazidə yaşayan 10 yerli sakinin müraciəti əsasında qeydiyyata alınırdı. Bundan sonra isə qeydiyyat üçün 50 sakinin ərizəsi lazım olacaq.
Qanunun 10.2-ci maddəsinə 2-ci hissə əlavə olunub. Həmin əlavə dini təmayüllü binaların icmalara verilməsinə şərait yaradır: “Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər”.
Qeyd edək ki, dəyişiklik qadağaları bir qədər də sərtləşdirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirdi ki, dəyişikliklər qüvvəyə minmədiyi üçün Dövlət Komitəsinin bununla bağlı hər hansı açıqlaması yoxdur.
Qafqaz Müsəlmanları İdarəsindən də yeni əlavələrlə bağlı hər hansı bir mövqenin olmadığını bildirdilər. QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova dedi ki, hələlik təkliflər Milli Məclisdə olduğundan şərh verə bilməyəcəklər. Ancaq bununla belə, QMİ nümayəndəsi dövlətin təklif elədiyi dəyişiklikləri normal qarşıladıqlarını qeyd etdi.
“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli ümumilikdə qanunvericiliyin təkmilləşdirilməsini normal qarşılasa da, müəyyən narahatlıqları da var: ““Dini etiqad azadlığı haqqında" Qanun az müddət əvvəl dəyişdirilmişdi. Yenidən dəyişikliklərin olması yəqin ki, icmaların təzədən qeydiyyat üçün müraciətinə səbəb olacaq. Bu isə istər-istəməz müəyyən problemlər yaradacaq. Bu gün din sahəsində müəyyən problemlərin olması sirr deyil. Bu mənada dövlət bu sahədə qaydaları təkmilləşdirmək üçün addımlar ata bilər. Ancaq daha yaxşı olardı ki, dini qanunvericilik üzərində birdəfəlik düşünülsün və bu sahə daha əhatəli bir şəkildə qanunvericiliklə tənzimlənsin. Bu mənada dəyişikliklər icmalar üçün əlavə problemlər yarada bilər”.
Ş.Həsənliyə görə, yeni dəyişikliyə əsasən məscid olmayan ünvanlarda dini icma yaradılmasının qadağan edilməsi ölkədə dini təbliğata mənfi təsir göstərəcək. Xüsusən də nisbətən yeni salınmış yaşayış massivlərində məscidlərin olmaması bu ərazilərdə icmaların yaradılmasına əngəl olacaq: “Nəzərə alsaq ki, ölkədə məscidlərin sayı azdır, o zaman bu dəyişikliyin dini təbliğata mənfi təsir etdiyini deyə bilərik. Ümumiyyətlə, konstitusiyaya əsasən hər bir icma bütövlükdə öz ərazisində deyil, ölkə boyunca din təbliğatı ilə məşğul ola bilər. Bu mənada icmaların yalnız məscidlərlə məhdudlaşdırılması məqbul deyil”.
İmam camaat yeni dəyişiklikdə icma qeydiyyatı üçün 10 deyil, 50 vətəndaşın imzasının tələb olunması ilə bağlı dəyişikliyin onları narahat etmədiyini dedi: “Bizim icma çoxsaylı olduğundan 50 imza toplamaq bizim üçün çətin olmayacaq. Ancaq bütövlükdə bu istiqamətdə dəyişikliyi müsbət hesab etmirik. Çünki son illərdə QHT-lərin qeydiyyatı məsələsi bir qayda olaraq yumşaldılıb. O cümlədən QHT-lərdə təsisçilərin sayı minimuma endirilib. Bu baxımdan dini icmalarda qeydiyyat üçün ərizələrin sayının artırılması anlaşılan deyil”. /Yeni Müsavat/