Bu gün Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Rəbiul-əvvəl ayının 17-si İslam dünyasının ən böyük bayramlarından biridir

Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günüdür. Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.

SalamNews-un məlumatına görə, Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.

Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasında seçərək, özünə Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107). Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).

Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira mağarasında olarkən, ona MÜqəddəs Quranın ilk ayəsi nazil olmuşdu: "Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq", 1).

Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və sonra, milyardlarla insan anadan olub və vəfat edib. Amma nəzər saldığımız doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı. Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə-yeksan oldu. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (s) tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim "bundan daha kamili ola bilər" söyləməyə cürət tapmadı. Söyləyənlər oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən, onlar özləri özlərini aldatdılar. Aşkara göz yumdular. Gözlərini yumdular və "Günəş yoxdur ki! Hər yan zülmətdir ki!" söylədilər. O isə artıq var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi. Xatəmun-ənbiyya dünyaya göz açdı.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

Bu gün, Rəbiül-əvvəl ayının 17-də, müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) mövlud günüdür.

İmam hicri 83-cü ildə Mədinə şəhərində dünyaya gəlib, hicri 148-ci il Şəvval ayının 25-də isə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq məqsədi ilə dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.

Bu böyük bayram günün münasibətilə İmam Zaman (ə.f.) başda olmaqla bütün müsəlman dünyasını təbrik edirik!

В этом разделе