BU GÜN GƏNCLƏR BAKIDA AKSİYA KEÇİRƏCƏK

Həbs olunan fəallar barədə məhkəmə qərarı çıxarıldı, təşkilatçılar isə mitinqi təxirə salmayacaqlarını deyir

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi ilə bağlı mayın 10-da Bakıda keçirilməsi nəzərdə tutulan matəm mitinqinin təşkilatçıları həbs edilib. Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sədr müavini Əhəd Məmmədli, təşkilatın fəalı Murad Kərimov, onun bitərəf qohumu Fərid Rəfiyev, Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı və AXCP Gənclər Təşkilatının sədri Əbülfət Qurbanlı mayın 8-də gecə polis tərəfindən tutulub. Dünən saat 9 radələrində isə polis Müsavat Partiyası GT sədri Tural Abbaslını yaşadığı mənzilin qarşısında həbs edib. Digər müsavatçı gənc Emin Elmanlı evlərinin qarşısında mülki geyimli şəxslərin hücumuna məruz qalıb.
Yaxınlıqda olan vətəndaşlar E.Elmanlının həbsinə imkan verməyib. Dünən saat 12 radələrində AXCP GT sədri Ə.Qurbanlı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs qərarı çıxarılıb. Bu barədə əməkdaşımıza məlumat verən AXCP sədrinin müavini Həsən Kərimov Ə.Qurbanlının polisə müqavimət adı ilə həbs edildiyini bildirdi.
Müsavat Partiyasının Divan üzvi Gülağa Aslanlının qəzetimizə verdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Kərimov və Y.Abbaslıya 3 sutka həbs verilib. Məhkəmə iclası qapalı keçirilib və Müsavatın nümayəndələri polislər tərəfindən məhkəmə binasına buraxılmayıb. T.Abbaslı Nəsimi, Əhəd Məmmədli isə Xətai məhkəmələrinin qərarı ilə 3 sutka müddətinə azadlıqdan məhrum edilib. Gənclər Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.
Matəm mitinqinin təşkilatçıları dünən «Azərbaycan İnsan Haqları Evi»ndə mətbuat konfransı keçirib. «Gənclər Platforması»nın sədri Orxan Qafarlı həbs edilənlər barədə məlumat verib. O, qəzetimizə açıqlamasında həbslərə baxmayaraq matəm aksiyasının keçiriləcəyini söylədi: «Mitinq komitəsinin həbs edilməyən üzvləri və tələbələr matəm aksiyasının keçirilməsinə qərar verdi. Sabah (bu gün-red.) saat 11-də ADNA-nın qarşısında mitinq keçiriləcək. Saat 13-də Milli Parkda, Kukla Teatrının önündə aksiya davam etdiriləcək. Daha sonra tələbələr və müstəqil gənclər təşkilatının kişi üzvləri qollarında qara lentlər, xanım üzvləri isə qara paltarlarda və qara kəlağayılarda şəhərin müxtəlif yerlərində aksiyalar keçirəcək. Şəhərin küçələrinə qara lentlər bağlayacağıq. Həmin lentləri ticarətçilər bizə pulsuz verib. Hesab edirik ki, bu aksiya yalnız gənclərin yox, ümumxalq etirazı olacaq».
O.Qafarlı bildirib ki, onlarda olan məlumatlara görə, gənclərin həbsləri davam edəcək: «Amma hakimiyyət hamını tuta bilməz, aksiya keçiriləcək. Mayın 11-də yenidən mətbuat konfransı keçirəcəyik».
Gənclərin qanunsuz həbsi Azərbaycandakı səfirlikləri də narahat edib. ABŞ-ın ölkəmizdəki səfirinin müavini Don Li məsələ ilə bağlı hakimiyyətdən aydınlıq istəyib, lakin səfirliyin sorğusu cavabsız qalıb.
Hadisə ilə bağlı qəzetimizə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hakimiyyətin ciddi səhvlər buraxdığını söylədi: «Hakimiyyət baş verən faciədən sonra bir-birinin ardınca ciddi səhvlər buraxır. İlk səhv aprelin 30-da baş verən hadisə ilə bağlı cəmiyyətə dolğun məlumat verilməməsi oldu. Cəmiyyətin tələbinə baxmayaraq matəm elan edilməməsi də ciddi səhvlərdən biri idi. Ölkə yas içində olduğu günlərdə «Gül bayramı» tədbirlərinin keçirilməsi də kobud səhvdir. Hakimiyyətin daha bir səhv addımı fəal gəncləri həbs etməkdir. Bunların nəticəsində gəncliklə hakimiyyət arasında çox ciddi konflikt yarandı. Bu konflikt hakimiyyətə baha başa gələcək".
AXCP sədrinin müavini Həsən Kərimov həbslərin hakimiyyətin antidemokratik mahiyyətindən xəbər verdiyini bildirdi: «Gənclər faciəli şəkildə həlak olan həmyaşıdlarının xatirəsini yad etmək, matəm elan olunmamasına etiraz etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərmişdi. Hakimiyyət gəncləri həbs etməklə bir daha iç üzünü acdı. Ölkədə böyük faciə baş verib, matəm elan olunmalı idi. Həlak olanların həmyaşıdlarına da öz sözlərini demələrinə imkan yaradılmalı idi. Lakin hakimiyyət atdığı addımları ilə xalqa hörmətsizlik etdiyini göstərdi».
Müsavat Partiyası gənclərin həbsi ilə bağlı bəyanat verərək bu hadisələri pisləyib və tutulanların dərhal azadlığa buraxılmasını tələb edib.
Qeyd edək ki, bütün universitetlərdə tələbələrə təzyiqlər başlayıb. Dünən Bakı Dövlət, Dillər, İqtisadiyyat, Pedaqoji universitetlərdən, özəl təhsil müəssisələri olan «Odlar Yurdu», Azərbaycan, Beynəlxalq və digər universitetlərdən redaksiyamıza müraciət edən tələbələr deyib ki, 10 may mitinqinə gedəcəkləri təqdirdə onları təhsil ocaqlarından qovacaqları ilə hədələyiblər.
Əfqan MUXTARLI
Yeni Musavat

В этом разделе