Bakıda yeni tikilən bina uçdu: azı 3 nəfər ölüb, yaralılar var

Hadisə yerində polis, prokurorluq və FHN əməkdaşları işləyirlər

Bu gün axşam saatlarında Bilgəh qəsəbəsində yerləşən keçmiş “Araz” sanatoriyasının ərazisində tikilən oteldə bədbəxt hadisə baş verib. ANS press-in hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə saat 22 radələrində qeydə alınıb. Məlumata görə, tikintinin yeni salınan beton qatı uçub. Bir necə nəfər xəsarət alan olduğu bildirilir. Yaralılar 26 saylı şəhər xəstəxanasına aparılıblar. Onlardan biri, fəhlə işləyən-Masallı rayon Qızılağaç kənd sakini 1979-cu il təvəllüdlü Namiq Sənan oğlu Kərimov dünyasını dəyişib. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS press-ə verilən məlumata görə, hadisə nəticəsində daha iki nəfər dünyasını dəyişsə də, onların şəxsiyyəti məlum deyil. Stansiyadan onu da bildiriblər ki, təcili tibbi yardım briqadaları hadisə yerinə çatanadək xəsarət alanlar xəstəxanalara aparılıblar. Ona görə də yaralıların dəqiq sayı məlum deyil. 

Hazırda hadisə yerində Sabunçu Rayon Polis İdarəsinin, prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. 

Hələlik hadisənin dəqiq səbəbləri məlum deyil. Hadisə baş verən əraziyə heç kimi buraxılmır. /ANSPRESS/

В этом разделе