Azərbaycanda Ergenekon əməliyyatı başlaya bilər

Türkiyədə bir gün əvvəl həyata keçirilən növbəti “Ergenekon” həbsləri ölkə gündəminin diqqətini Ermənistanla sərhədlərin açılması məsələsindən bir qədər yayındırıb və bu məsələyə yönəldib. Lakin hakim AKP-yə yaxınlığı ilə tanınan mediada Azərbaycanda sərhədlərin açılacağı haqda xəbərlərlə bağlı Türkiyə ilə münasibətləri gərginləşdirənlərin mövcudluğu və bunların “Ergenekon”çular olduğu barədə yazıb.

“Bu gün” qəzetinin iddiasına görə, tezliklə Şimali Kiprdən sonra Azərbaycanda da “Ergenekon” əməliyyatı başlayacaq: “Kiprdən sonra “Ergenekon”un Azərbaycan ayağının da gündəmə gələcəyinə heç bir şübhə yoxdur”, - deyə qəzetin yazarı Nuh Gönültaş yazıb.

Müəllif qeyd edir ki, Türkiyə ilə Azərbaycan arasında yaxınlığln tarixi keçmişi haqda danışmağa ehtiyac yoxdur, amma bu günlərdə bəziləri Ermənistanla sərhədlərin açılacağı haqda xəbərlər üzündən iki ölkənin münasibətlərini pozmaq üçün çox səy göstərir: “Bunların bir hissəsini “Ergenekon”un Azərbaycan ayağı olaraq görmək gərəkdir”, - deyə o yazıb. “Sözü uzatmadan söyləyə bilərəm ki, bunların başında Türkiyə-Azərbaycan qadınlar cəmiyyətinin başqanı Tənzilə Rüstəmxanlı gəlir. O, istər Azərbaycan, istərsə Türkiyə mediasında çox aktiv biridir. Bu xanım hazırda Türkiyədədir, hökumətin erməni sərhədlərini açacağına dair təbliğat aparır. “Ergenekon” əməliyyatı başlayanda ona xaricdən ilk dəstək bəyanatı məhz Azərbaycandan gəlmişdi. T.Rüstəmxanlı “Ergenekon” işində tutulan vəkil Kamal Kerinçsizlə dəfələrlə görüşüb konfranslar təşkil edən şəxsdir”. Daha sonra müəllif onun “Ergenekon” həbsləri ilə bağlı yaydığı etiraz bəyənatından bir hissəni xatırtladır. “Bu gün” yazarı hesab edir ki, tezliklə Türkiyədə Ermənistanla sərhədlərin açılmasına etiraz mitinqləri başlasa bu təəəcüblü olmayacaq. “Bu yaxınlarda “Ergenekon” əməliyyatları Azərbaycana sıçrasa buna təəcüblənmək lazım deyil. Amma burada önəmli olan Qarabağ məsələsinin zərər görməməsidir. Kimlərsə Qarabağ bəhanəsi ilə bir qism planlar içərisində ola bilər”.

Milliyətçi Hərəkat Partiyasında isə hesab edirlər ki, son “Ergenekon” dalğası AKP-nin Ermənistanla sərhədləri açmağa hazırlaşması ilə bağlı sıxışdırıldığı bir vaxta təsadüf edir. MHP qrup başqan vəkili Mehmet Şandırın fikrincə, bu iki hadisə arasında əlaqə ola bilər: “Bu həbslərin aparıldığı bir vaxtda gündəmdə çox önəmli məsələlər var idi. Nə məsələdirsə, hökumət nə zaman sıxışdırılsa, gündəmi dəyişdirmək istəsə bu istintaq çərçivəsində daha bir dalğa başladır. Ən önəmli gündəm Azərbaycandır. Fırtınalar yarada bilən və Türkiyə üçün tarixi səhv ola biləcək erməni sərhədlərinin açılması gündəmdədir. Hökumətin qapalı qapılar arxasında qeydə alınmayan sözləri və atdığı addımlar müzakirə olunmaqdaykən bu istintaqda yeni dalğa başladı. Bunu təsadüf hesab etmək mümkün deyil”.(Yeni Musavat)

В этом разделе