Azərbaycana gəlmək istəyən əcnəbilər nə qədər pul ödəməlidir?

Ölkəmizə daxil olmaq üçün tələb edilən vizanın qiyməti 10-131 dollar arasında dəyişir

Azərbaycan bu günə kimi yalnız MDB ölkələri ilə vizasız gediş-gəliş tətbiq edib. Dünyanın qalan ölkələrinin vətəndaşları Azərbaycana viza ilə gəlir. Müxtəlif ölkələrdən gələn bu vətəndaşlar ölkəmizə giriş üçün müxtəlif rüsum ödəyir. Amma istisna hallar da var. Əgər sizin gəldiyiniz ölkə ilə vizasız rejim təyin edilibsə, onda sizin bəxtiniz gətirib - viza haqqında fikir etmədən bilet alıb gələ bilərsiniz.

Məsələn, MDB ölkələri arasında əldə olunmuş razılığa əsasən vizasız rejim mövcüddür. Lakin heç də bütün ölkələrdə bu belə deyil və viza tələb olunur. Qeyd edək ki, müxtəlif ölkələrdən Azərbaycana daxil olmaq istəyən vətəndaşlar üçün viza rüsumunun qiyməti də müxtəlifdir. Məsələn, ABŞ-dan gələn vətəndaşlar üçün vizanın qiyməti 131 dollar müəyyənləşib. Şenqen zonasına üzv olan Avropa ölkələri vətəndaşarının Azərbaycana gəlməsi üçün müəyyən edilmiş viza rüsumu isə 60 avro təşkil edir. Türkiyə ilə bağlanmış saziş əsasında qardaş ölkə vətəndaşları üçün birdəfəlik giriş vizasının qiyməti 10 dollar məbləğində müəyyənləşdirilib. Müddəti bir il olan çoxdəfəlik giriş-çıxış vizasının qiyməti isə bütün ölkələr üçün 250 dollardır.

Bəs müxtəlif ölkələrin vətəndaşları üçün vizaların qiymətinin fərqli olmasi nə ilə bağlıdır? Məsələ ilə bağlı açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayevin sözlərinə görə, vizaların qiymətlərinin müəyyənləşməsində qarşılıqlı prinsip rəhbər tutulur. O qeyd edib ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarından tutulan viza rüsumları əsas götürülərək müəyyən edilmiş müvafiq məbləğ qarşılıqlı olaraq xarici vətəndaşlardan tutulur. Bu, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə əsaslanır, Azərbaycan tərəfindən müəyyənləşdirilir. “Müxtəlif ölkələrdə müxtəlif rüsumlar olur. Onların aldığı rüsumlar əsasında da bizim rüsumlar alınır”, - deyə Elman Abdullayev bildirib.

Qeyd edək ki, Azərbaycana gəlmək istəyənlər vizaları respublikamızın xarici ölkələrindəki konsulluq şöbələrindən ala bilir. Türkiyə və İran Azərbaycan vətəndaşları üçün viza rejimi aradan qaldırıb. Azərbaycan tərəfi isə hələ belə bir qərar qəbul etmədiyindən Türkiyə vətəndaşları respublikaya daxil olarkən 10 dollar, İran vətəndaşları isə 31 avro pul ödəyir. MDB ölkələrindən savayı Azərbaycanla Yaponiya arasında viza pulsuzdur. /anspress/

В этом разделе