Azərbaycan möminləri Kərbəla və Məşhədə birbaşa təyyarə ilə uça biləcəklər

İranın “TabanAir ” aviaşirkəti yaxın bir ay müddətində İranın Məşhəd və Tehran şəhərlərinə, eləcə də İraqın Kərbəla şəhərinə müntəzəm uçuşlara başlayacaq.

Şirkətin Bakıdakı nümayəndəliyində Turan-a bildiriblər ki, ilk müntəzəm reys iyulun 8-dən Bakıdan Məşhəd şəhərinə təşkil olunacaq. Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri təşkil olunacaq. Razılaşmaya əsasən, sərnişinlər Məşhəd şəhərinə “Silk Way Travel” turizm şirkətinin satdığı yollayış əsasında gedə biləcəklər. 

Yollayışın qiyməti 450 manatdır. Buraya təyyarə biletinin, 5 ulduzlu mehmanxananın qiymətləri, gündə üç dəfə yemək xərci, eləcə də ekskursiya, sığorta və viza haqları daxildir.

“Tabanair” aviaşirkəti Tehrana müntəzəm uçuşların təşkil olunması barədə “AZAL” QSC və Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası ilə danışıqlar aparır. Hazırda “İran Air” aviaşirkəti Bakıdan Tehrana həftədə 2 dəfə, “AZAL” aviaşirkəti isə 5 dəfə uçur. “TabanAir” aviaşirkəti yaxın vaxtlarda Azərbaycandan Kərbəla şəhərinə də uçuşların təşkilinə hazırlaşır. Bu məqsədlə İraqın və Azərbaycanın hökumət qurumları ilə danışıqlar aparılır.

“TabanAir” aviaşirkəti İranın dövlət şirkətlərindən biridir. Şirkət Azərbaycanda bu ildən fəaliyyətə başlayıb. Onun məqsədi Azərbaycan möminlərinin, eləcə də turistlərinin İranın və İraqın dini mərkəzlərinə səfərlərini təşkil etməkdir. Hazırda Azərbaycan vətəndaşları bu şəhərlərdəki ziyarətgahlara birbaşa getmək imkanından məhrumdurlar. (TURAN)


В этом разделе