Azərbaycan işğal olunmuş torpaqlarını üç istiqamətdən zərbə endirərək azad edə bilər – politoloq

Zərdüşt Əlizadə

"Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində müsbət impuls olmayacaq. Çox guman ki, bu, məsələnin həlli yolunda növbəti səmərəsiz cəhd olacaq"

Bunu SalamNews-a politoloq Zərdüşt Əlizadə bildirib.

O, prezidentlərin Kazan görüşü, Azərbaycanın indiki hərbi potensialı, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli və digər məsələlər ilə bağlı əməkdaşımıza müsahibə verib.

- Hesab edirsiniz ki, Kazandakı görüş sırf formal xarakter daşıyacaq. Belə olduqda, fikrinizcə, bu problemi necə həll etmək olar?

- Sülh danışıqlar prosesi çərçivəsində keçirilən əvvəlki görüşlərin təcrübəsi göstərdi ki, onların hər biri mahiyyət etibarı ilə sırf formal xarakter daşıyıb. Problem var idi və bu günə qədər də həll olunmamış qalır. Ermənistan və Rusiya üçün sərfəli olan status-kvo vəziyyəti qalmaqdadır və düşünürəm ki, belə olduqda yaxın perspektivdə nizamlanma məsələsində əhəmiyyətli dəyişikliklər baş verməyib. Hesab edirəm ki, Qarabağ probleminin həlli üçün ölkənin daxili, informasiya və xarici siyasətini dəyişdirmək lazımdır. Bundan başqa, Qarabağın erməni icması ilə, həmçinin Ermənistan ictimaiyyəti ilə dialoqun başlanılmasını əhəmiyyətli hesab edirəm. Ancaq bu üsulla Qarabağda maraqlarımızı müdafiə edə bilərik. Əks halda, münaqişə elə “dondurulmuş” xarakter daşıyacaq, hətta münaqişə tərəflərinin və vasitəçi ölkələrin birinci şəxslərinin görüşləri keçirilsə belə. Həm də mövcud vəziyyətin Rusiya, qismən də Qərb üçün sərfəli olduğu aydındır. Ona görə də vəziyyət illərlə bu səviyyədə qala bilər.

- Azərbaycan indi hərbi potensialını artırmaqda davam edir...

- Hərbi potensialın artırılmasını elan edilməmiş müharibə şəraitində olan istənilən ölkə üçün normal olduğunu düşünürəm.

- Sizcə Qarabağ probleminin hərbi yolla həllinin ssenarisi necə ola bilər?

- Nəzəri cəhətdən hazırda Ermənistan əhalisinin 3 milyon 200 min, Azərbaycan əhalisinin isə 9 milyondan çox olduğunu, həmçinin Ermənistanın faktiki olaraq müflis vəziyyətində olduğunu nəzərə alsaq, - biz artıq kəmiyyətdə və iqtisadi inkişafda böyük üstünlüyə malikik. Həmçinin Azərbaycanın 30 milyard dollardan çox valyuta ehtiyatı, artilleriya sistemləri, aviasiya, müasir silah növləri, raketləri var. Ermənistanda isə bunlar yoxdur. Azərbaycan ordusu üç istiqamətdən zərbə endirmək imkanına malikdir. Birincisi, İranla sərhəd boyu- Fizuli, Cəbrayıl, Zəngilanı almaqla Laçın istiqamətində Qubadlıya çıxmaqla. İkincisi, Ağdamdan Xocalıya, Əsgəran və Xankəndiyə çıxmaqla. Üçüncü istiqamət isə şimaldan - Murovdağdan Kəlbəcərə zərbə endirməklə. Mənim Ermənistan ordusunun üç istiqamətdə döyüş aparmaq üçün resurslara malik olmasına dair ciddi şübhələrim var.

- Ermənistan Rusiyanın dəstəyinə güvənəcək?

- Ermənistana hücum zamanı rəsmi Moskvanın rəsmi İrəvan qarşısında onun müdafiəsinə dair öhdəliyi var. Lakin hərbi əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisində aparılarsa, düşünmürəm ki, müharibə başlayacağı təqdirdə Rusiya Ermənistana yardım göztərməyə cürət edəcək. Gümridə dislokasiya olunan Rusiya hərbi bazası Azərbaycana və ya Türkiyəyə qarşı döyüşmək üçün deyil, Ermənistan ordusu ilə gündəlik əlaqə qurmaq və erməni generaliteti vasitəsi ilə Ermənistanın siyasi elitasını nəzarətdə saxlamaq məqsədi daşıyır.

В этом разделе