Aprelin 13-dən 22-dək Azərbaycan əhalisi siyahıya alınacaq

Aprelin 13-dən 22-dək Azərbaycan əhalisi siyahıya alınacaq. Əhalinin siyahıya alınması BMT-nin tövsiyyələrinə uyğun olaraq hər 10 ildən bir və dünyanın bütün ölkələrində aparılır.  Dövlət Statistika Komitəsi aparatının rəhbəri Ziyad Abbasəliyevin sözlərinə görə, siyahıya alınma ənənəvi olaraq əhalini fərdi qaydada sorğu etməklə həyata keçiriləcək. «Biz BMT-nın tövsiyə etdiyi sualların 70-80% əhatə etmişik. Cəmi 35 sual var. Bunlardan 6-ı ev təsərrüfatına, mənzil şəraitinə, onun abadlığına aiddir. 29 sual isə hər bir fərdə aiddir. Bunlar insanın cinsi, anadan olduğu tarix, nigah vəziyyəti, təhsil səviyyəsi, məşğulluğu və yaxud işsizliklə bağlıdır».
Siyahıya alma prosesinə 24 min nəfər cəlb ediləcək. Artıq onlarla təlim prosesinə də start verilib. Bir sayıcının 10 gün ərzində 450 nəfəri siyahıya alması nəzərdə tutulur. Mülkiyyət məsələləri ilə bağlı sualları ailə başçısı cavablandıracaq və siyahıya alınma zamanı hər hansı hüquqi sənəd tələb olunmayacaq. Körpə uşaqlar haqda məlumatları valideynlər verəcək, eşitmə, görmə, danışıq qabiliyyətləri zəif olanlar barədə sulları isə onların valideyn və qəyyumları cavablandıracaq. Qocalar və uşaq evlərinin sakinləri də hesablanacaqlar. Əgər aprelin 12-dən 13-nə keçən gecə saat 00:00-da hər hansı uşaq dünyaya gələcəksə, və ya qoca insan həmin saatadək sağ olub, sonra dünyasını dəyişəcəksə onlar da əhalinin siyahısına alınacaqlar.

Qeyd edək ki, bu dəfəki siyahıya almada fərqli cəhətlər də mövcuddur. Belə ki, bu il xarici ölkələrdəki Azərbaycan vətəndaşları da hesablanacaq. Xarici ölkəyə yaşamağa, işləməyə və ya oxumağa gedən azərbaycanlılar isə Xarici İşlər Nazirliyinin xətti vasitəsi ilə həmin ölkələrdə fəaliyyət göstərən konsulluq,səfirlik vasitəsilə siyahıya alınacaq.
Məcburi köçkünlər yaşadığı və ya müvəqqəti məskunlaşdığı yerdə siyahıya alınsalar da, sonda onlar rayonlar üzrə bölünəcək.
Siyahıyalma prosesinin 10 gün aparılacağına baxmayaraq, ilkin nəticələrin avqust ayında məlum olacağı gözlənilir. Bütün məlumatların toplanıb çap olunması isə gələn ilin iyun ayınadək başa çatacaq. Sakinləri siyahıya alarkən evə daxil olmaq üçün problemlərin yaranmaması məqsədilə isə Statistika Komitəsi maarifləndirmə xarakteri daşıyan videoçarxlar hazırlayıb, onları televiziya kanallarında nümayiş etdirməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yerli əhali 1999-cu ilin yanvarında siyahıya alınıb. 2009-cu ilin göstəricilərinə görə, hazırda Azərbaycanda əhalinin sayı 8 mln,733 min nəfərdir.

/ANS TV/


В этом разделе