İsrailin Baş Naziri Benyamin Netanyahu fələstinliləri, Qərb sahilində yəhudi məskənləri tikilməsinə qoyulan qadağanın aradan qalxmasına baxmayaraq, sülh danışıqlarını davam etdirməyə çağırıb.
10 aylıq qadağanın son günü verdiyi bəyanatında o, Fələstin lideri Mahmud Abbasdan "tarixi" razılaşma üçün danışıqları davam etdirməyi xahiş edib. Saatlar sonra buldozerlərin iki tikilidə işlərə başladığı barədə xəbər verilib. Cənab Abbas isə xəbərdarlıq edib ki, tikintilərin dondurulması davam etməsə sülh danışıqları "boş vaxt itkisi" olacaq. Tikinti işləri İsrail mediasının verdiyi xəbərə görə, buldozerlər şimali Qərb Sahili ərazisindəki Ariel məskənində 50 evin tikintisi üçün torpağı qazmağa başlayıblar. Ancaq yəhudilərin Sukkot bayramına görə, tikinti işlərinin səngiyəcəyi bildirilir. Qüds yaxınlığındakı Adam məskənində də tikintilərə başlandığı xəbər verilir. Bu arada isə ABŞ bir daha İsraili tikintilərə başlamamağa çağırıb. Vaşinqton deyib ki, onun bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır və ABŞ Dövlət Departamenti bütün tərəflərlə sıx ünsiyyəti davam etdirir.