Yaxın şərq » Mövhumat, radikalizm və ekstremizm…
 "Dəyərlər" AİN-ə istinadən ,İlqar İbrahimoğlunun fikrincə, xaricdə dini təhsil alanlara qadağa  "Dini etiqad azadlığa haqqında" qanuna düzəlişlər radikalizmi və ekstremizmi gücləndirəcək
«Qafqaz Müsəlmanları Idarəsinin rəhbərliyi də dini təhsilini xaricdə alıb»

“Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklərdən birinə görə İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız ölkə daxilində təhsil alan Azərbaycan vətəndaşı tərəfindən həyata keçirilə bilər. Bu o deməkdir ki, qanun bu şəkildə qüvvəyə minsə, xaricdə təhsil almış şəxslərin Azərbaycan daxilində fəaliyyətinə məhdudiyyətlər qoyulacaq.
Maraqlıdır ki, bu günə qədər bütün başqa sahələr kimi dini sahədə də xaricdə təhsil alanlara üstünlük verilib və onlar daha bilikli və daha nüfuzlu hesab olunublar. Belə olan halda məlum qadağanın nəyə hesablandığı anlaşılmır. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məsələyə münasibətində bildirmişdi ki, qanuna dəyişikliklər bəzi dövlətlərdən və qüvvələrdən gələ biləcək təhlükəni önləmək üçündür. Əgər həqiqətən belə bir təhlükə varsa, o zaman bu qanuni qadağa çıxış yolu sayıla bilərmi?
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar Ibrahimoğlu bunu vətəndaşın vicdan azadlığını ifadə etməsinə yaradılan maneə kimi qiymətləndirir: “Azəraycanda istər rəsmi dini çevrələrə, istərsə də digər dini icmalara rəhbərlik edənlər əsasən akademik islam təhsilini xaricdə alıblar. Bu qadağa ölkədə akademik savadı olan inanclılara qarşı yönəlib. Bunu necə tətbiq edəcəkləri xeyli suallar yaradır. Digər tərəfdən bu qadağanı yalnız dinlə bağlı təhsil alanlara tətbiq etmək çox yanlışdır. Hərbi sahə təhlükəsizlik məsələsində heç də dindən aşağıda dayanmır. Demək, sabah da xaricdə hərbi sahədə təhsil alanlara qadağa qoyulacaq. Yaxud, siyasət qədər önəmli sahə yoxdur. Bu gün ölkədə əksər siyasətçilər - istər iqtidarda olsun, istər müxalifətdə, istər vətəndaş cəmiyyətinin başqa sahələrində - xaricdə təhsil alıblar. Dünya qloballaşmağa getdiyi bir vaxtda belə addımlar atmaq çox yanlışdır. Üstəlik burada diskriminasiya da var. Bunu ancaq müsəlmanlara tətbiq edəcəklər. Başqa dinin nümayəndələrinə belə məhdudiyyət yoxdur. Hesab edirəm ki, bu hər mənada mənəviyyatı, inancı məhdudlaşdırmağa yönəlik addımdır. Vicdan azadlığının birmənalı olaraq tapdanmasıdır. Azərbaycan insanının sağlam, köklü dini maariflənməsinin qarşısını almaqdır. Bunun da nəticəsində mövhumat, radikalizm və ekstremizm ortaya çıxacaq”.
Qadağanın təhlükəsizlik məsələləri ilə əlaqələndirilməsinə gəlincə, İ.İbrahimoğlu bu fikirlə razılaşmır: “Heç xaricdə təhsil almayan da bunu edə bilər. Cinayətlə və cinayətkarlıqla hüquq-mühafizə orqanları məşğul olmalıdır.
Həm də heç nə baş verməmiş kimisə necə cinayətdə ittiham etmək olar. Eyni qadağanı onda hərbi də, siyasət də tətbiq edək. Bu bolşeviklərin siyasətinə bənzəyir. Onlar xaricdə təhsil alanları, böyük Islam akademiyalarında oxuyanları sürgün etdilər, güllələdilər. Bu ənənədən imtina etmək lazımdır. Belə çıxır ki, Məmməd Əmin Rəsulzadənin atası yaşasaydı, o xaricdə akademik dini təhsil aldığına görə Azərbaycanda dini fəaliyyətlə məşğul ola bilməyəcəkdi. Eləcə də Əli bəy Hüseynzadənin atası, Zeynalabdin Tağıyevin hamiləri - Mirməhəmməd Kazım Qazi Ağa və Əbu Turab kimi Islam mütəfəkkirləri. Ümid edirəm ki, bu düzəlişlər qəbul olunmayacaq”.
İ. İbrahimoğlu onu da qeyd etdi ki, Qafqaz Müsəlmanları idarəsində birinci və ikinci şəxslər xaricdə təhsil alıblar. Bu isə qadağanın onlara da şamil olunacağı anlamına gəlir: “Təsadüfi deyil ki, qərardan əvvəl bu idarənin rəsmi şəxsləri, xüsusən də Salman Musayev buna etiraz etmişdi və buna sovet totalitarizminə qayıdış kimi qiymətləndirmişdi. Həqiqətən də bu qərar hər mənada geriləmədir”.
Gültəkin (Azadlıq qəzeti)


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!