İranın bu ayın 1-i tanıtdığı həssas idarə olunan raketlər daşıyan "Saegheh" adlı pilotsuz uçan aparatı (PUA), 2011-ci ildə ələ keçirdikləri ABŞ-a aid RQ-170 Thunderbolt adlı PUA-ya oxşarlığı ilə diqqət çəkdi.
313news xəbər verir ki, İran İnqilab Keşikçiləri tərəfindən mediada yayımlanan fotoşəkildə, İnqilab Keşikçilərinin istehsal etdiyi yeni PUA-nın beş il əvvəl ələ keçirilən Amerikaya məxsus hava maşınına bənzədiyi diqqəti çəkib.
Tasnim xəbər agentliyinin xəbərinə görə, "Saegheh" (ing. Thunderbolt, az. İldırım) RQ-170-ə bənzəyir. İranın dövlət kanalı Press TV isə uzun mənzilli maşının dörd ədəd həssas idarə olunan raket ilə təchiz olunduğunu söylədi. Hər iki xəbərdə də maşının mənzilindən danışılmır.
Dövlət xəbər agentliyi IRNA-nın xəbərinə görə, İnqilab Keşikçiləri generalı Əmir Əli Hacızadə, "Bu uzun mənzilli PUA, daşıdığı həssas idarə olunan raketlərlə dörd ayrı hədəfi yüksək dəqiqliklə vura bilir" - deyə bildirdi.
İran, iddiaya görə, MKİ tərəfindən istifadə edilən RQ-170 adlı PUA-nı 2011-ci ildə salmış, üç ədəd də Scaneagle adlı Amerika hava maşınını ələ keçirmişdi. Ötən il İran rəsmilərinin açıqlamalarına görə, RQ-170-in oxşarı çıxarılan PUA-nın testləri uğurla başa çatmışdır. Şənbə günü Tasnim tərəfindən nəşr edilən fotoşəkilin İnqilab Keşikçiləri tərəfindən yaxın zamanda ələ keçirilən Amerika istehsalı MQ-1C hava maşını olduğu söylənib, ancaq maşının nə vaxt və necə ələ keçirildiyi ilə bağlı məlumat verilməyib.