Bu gün Nəsimi rayon məhkəməsində ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırovun verdiyi şikayətə baxılıb.
313news-un İslaminsesi-nə istinadən verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmə iclasında T.Bağırovun özü də iştirak edib.
T.Bağırovun Bakı İstintaq Təcridxanasına köçürüldüyünü qeyd edən vəkili Cavad Cavadov bildirib ki, növbəti proses fevralın 9-da davam etdiriləcək.
Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Redaktor: Qafar Əhmədov