Şeyx Yusif Qərdavi sünni dünyasını İraq baş naziri ilə mübarizəyə səsləyib
Dünya Müsəlman Alimlər Birliyi sədri Yusif Qərdavi İraqda hökumət qüvvələrinin etirazçılara güc tətbiq etməsi ilə bağlı çıxış edib. 313news.net-in "Anadolu" agentliyinə istinadlı məlumatına görə, Qətərin paytaxtındakı "Ömər bin Xəttab" məscidində cümə xütbəsi deyən Qərdavi növbəti dəfə İraqın şiə baş naziri Nuri əl-Malikini hədəf alıb: "Maliki və havadarları sünnilərə işgəncə edirlər, öldürür və vəzifələrdən azad edirlər. Onlara böyük təhlükə barədə xəbərdarlıq edirik. Şərqdən qərbə kimi İslam ümməti ilə müharibə edirsiniz. Əməllərinizə davam etsəniz, 90%-i sünni olan İslam ümməti buna sükut etməyəcək".
Qərdavi bildirib ki, İraq bütün İraq xalqına məxsusdur: "Lakin ABŞ işğalından sonra Maliki və onun kimilərinə təslim edildi. Sanki İraq müəyyən bir məzhəbə aid edildi".
Şeyx Qərdavi baş naziri Suriya hadisələrinə qarışmaqda da ittiham edib: "Bütün şiələr Maliki və Hizbullah kimi düşünmür. İrana getdim, eks-prezident Məhəmməd Xatəmi ilə görüşdüm. Kifayət qədər dünyagörüşlü insanlardır və müsəlmanları böyük bir ümmət olaraq görürlər".