Virciniya ştatındakı seçki məntəqələrində izdiham yaşanır
Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri günüdür. Seçkilərdə artıq respublikaçıların namizədi Mitt Romni səs verib. Seçkilərin nəticələrini proqnozlaşdırmaq çətindir. Çünki, son sorğularda hər iki namizəd demək olar ki, eyni səs toplayıb.
ANS-in xüsusi müxbirinin verdiyi məlumata görə, Virciniya ştatında Avrora Hills adlı seçki məntəqəsində çox böyük izdiham müşahidə olunur, insanlar yaxınlıqdakı parkdan uzun növbəyə dayanıb. 2-3 saat növbə gözləyən seçicilər var. Onlar bu günün çox vacib gün olduğunu bildirirlər.
Qeyd edək ki, bu gün ABŞ-da yalnız president seçkiləri günü deyil, həmçinin ölkədə Konqres və Senatda boş qalan yerlərə seçkilər keçirilir.
Prezident Obama bir qədər əvvəl telefonla zəng edərək onun çağırışına qoşularaq erkən səsvermədə iştirak etmiş seçicilərinə təşəkkürünü bildirib. Prezident oktyabrın 25-də özü erkən səsvermə yolu ilə səsini verib. Həmçinin 30 milyon seçici səsvermə gününə qədər öz səsini verib.
Vircinya erkən səsverməyə icazə verilməyən ştatlardan biridir, ona görə də bu izdiham və növbənin olması təsadüfi deyil. İnsanların hələ də səsvermə məntəqələrinə gəlməsi davam edir. Bu dəqiqə hansı namizədin qalib gələcəyini proqnozlaşdırmaq çox çətindir. Həqiqətən də bu çox dramatik seçkilərdir, nəticələr bir-birinə çox yaxındır. Obamanın çox cüzi səs fərqi ilə irəlidə olduğu bildirilir.