Dünyada » Əfqanıstan yenidən raket zərbələrinə tuş gəlib
Əfqanıstan yenidən raket zərbələrinə tuş gəlib.

Aviazərbələrdə 100-lərlə insanın öldüyü bildirilsə də, rəsmi mənbələr bu məlumatı təsdiqləmir. Həlak olanların sayı barədə müxtəlif fikirlər səsləndirilib. Rəsmi Vaşinqton isə Əfqanıstına qarşı hava əməliyyatının olması faktını təsdiqləyib. 
Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiya qüvvələrinə aid bombardmançı təyyarələr Taliban silahlıları, Əfqanıstan qoşunları və beynəlxalq qüvvələrin fəal döyüşlər apardığı Fərah yaşayış məntəqəsini raket zərbələrinə məruz qoyub.
Əfqanıstanın rəsmi qrumları aviazərbələr nəticəsində 30 dinc sakinin öldüyünü bildirsələr də, yerli sakinlər bu məlumatları təsdiqləmir. Hadisədən zərərçəkən sakinlərin sözlərinə görə, aviazərbələr nəticəsində 100-ə qədər adam ölüb. İnsident zamanı yaralanan azyaşlı qız bildirib ki, onun ailəsinin 7 üzvü hücum zamanı öldürülüb. ABŞ ordusu da hava əməliyyatını təsdiq edib. Lakin ABŞ rəsmiləri bildiriblər ki, mülki şəxslərin həlak olması ilə bağlı faktlar dəqiq deyil, bununla bağlı araşdırmalar gedir. Əfqanıstan rəsmiləri isə aviazərbələr nəticəsində Fərah şəhərinə təxminən 30 dinc sakinin meyidinin aparıldığını deyiblər. 
Fərah əyalət şurasının üzvünün bildirdiyinə görə, 2 gün öncə Taliban silahlıları Əfqanıstanın qərbinə toplaşıb və döyüşlərə başlayıb. Kənd sakinləri isə əfqan rəsmilərinə deyiblər ki, onlar qadınları və uşaqları qorumaq üçün döyüşlərin getdiyi ərazidən uzaqda yerləşən evlərdə gizlədiblər. Lakin hərbi təyyarələr məhz bu evləri nişan alıb və içəridə olanların hamısını qətlə yetiriblər.
Qeyd edək ki, koalisiya qüvvələrinin hücumlarının çox zaman dinc sakinlərin ölməsi ilə nəticələnməsi Əfqanıstan hökuməti ilə ABŞ arasında artan gərginlik mənbəyinə çevrilib. Əfqanıstan prezidenti Həmid Kərzai dəfələrlə ABŞ-dan hücumlar zamanı hədəfləri düzgün seçməyi və mülki əhalini qətlə yetirməməyi tələb edib. Kərzainin bu gün ABŞ-a səfəri və prezident Barak Obama ilə danışıqlar aparacağı gözlənilir. 

ANS TV


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!