Bu gün Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana səfəri başlayıb.
313news.net-in SalamNews-a istinadən verdiyi xəbərə görə, bu gecə Bakıya gələn Gürcüstanın dövlət başçısı iyunun 28-dən iyulun 1-dək Bakıda keçirilən illik 23-cü Krans Montana Forumunda iştirak edəcək.
M.Saakaşvil səfəri çərçivəsində Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşəcək.
Xatırladaq ki, forum çərçivəsində təşkil ediləcək turizm sessiyası və yeni liderlərin görüşü mədəniyyətlərarası dialoqa həsr olunacaq. Forumda 4 dövlət başçısı, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələri iştirak edəcək. Məqsəd 2013-cü ildə keçiriləcək növbəti forum və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi haqqında təşviqatın aparılması və ölkəmizin mədəniyyətlərarası dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.