Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyə”nin qeydiyyatının olmadığını açıqladı
Dünən komitənin mətbuat xidməti Yasamal “Hüseyniyə”si ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyə (“Qurangah”) adlandırılan ibadətxananın yerləşdiyi ərazi “Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsinə məxsusdur. Və namazxana burada cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Açıqlamada qeyd olunur ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov DQİDK-ya məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Sitat: “Məktubda qeyd olunmuşdur ki, ”Azərbaycan Karlar Cəmiyyəti"nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən daimi komissiya dəfələrlə həmin əraziyə baxış keçirmiş, “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına baxmayaraq, sənədlər komissiyaya təqdim edilməmiş, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmamışdır. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur".
Açıqlamada qeyd olunur ki, Dini Komitənin Azərbaycan Karlar Cəmiyyətinə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilib: “Çünki ”Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər". /Yeni Müsavat/