Rəsmi tərəf bildirir ki, burada vətəndaşların özləri günahkardır
Qonşu İran İslam Respublikasına getmək istəyən Azərbaycanın Biləsuvar rayon sakinləri bir neçə gündür gömrük-sərhəd buraxılış məntəqəsindən keçə bilmirlər. ANS TV-nin məlumatına görə, xırda ticarətlə məşğul olan sakinlər üçüb son bir neçə gündə sərhədi keçmək problemə çevrilib. Dolanışıqlarını ticarətlə təmin etdiklərini bildirən sakinlər deyir ki, satmaq üçün İrandan ərzaq və qeyri-ərzaq məhsulları gətirərkən çətinliklərlə qarşılaşırlar.
“Hər kəs İrandan 50 kq yük gətirmək imkanına malikdir. Bu qayda Nazirlər Kabinetinin verdiyi sərəncama əsasən tətbiq edilir. Lakin gömrük işçiləri insanlarla kobud rəftar edir və insanlara xırda alver edib, dolanmağa imkan vermirlər”, - deyə Biləsuvar sakini Niyazi Mikayılov bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsultanov şifahi olaraq bildirib ki, gömrükdən keçirilən hər bir məhsulun mənşə, gigiyena və uyğunluq sertifikatı olmalıdır. Eləcə də, gətirilən mallara görə rüsum ödənilməlidir ki, o da ya nağd şəkildə banklara, ya da plastik kartlarla post terminallar vasitəsilə həyata keçirilir. Lakin Mirrafiq Mirsultanov ödənişə məhəl qoymayanların sonda qanunu özlərinə qarşı məhdudiyyət kimi başa düşdüklərini deyir.