Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabinetinin qərarı əsasında maliyyə yardımı ayrılmış dini icmalardan ikisi pulu almaqdan imtina edib
APA-nın məlumatına görə, bunlar qeyri-islam təmayüllü, rəsmi dövlət qeydiyyatından keçmiş Bakı şəhəri bəhai dini icması və Sumqayıt şəhəri bəhai dini icmasıdır.
Bu iki dini icmanı özündə birləşdirən “Azərbaycan Bəhai İcması”nın rəhbəri Rövşən Abbasov APA-ya açıqlamasında faktı təsdiqləyib. O, yardımdan imtinanı dini inancları ilə izah edib: “İnancımıza görə, biz yalnız daxili vəsait, daxili imkanlardan faydalanırıq, kənardan heç vaxt pul almırıq, lap milyon da olsa, imtina edirik. Biz bütün dünyada bu cür yaşayırıq, işləyirik. Bizə milyonlarla dollar verənlər olub, amma həmişə təşəkkürümüzü bildirərək imtina etmişik. Biz dövlət tərəfindən ayrılmış o vəsaiti alıb, xeyriyyə işlərinə xərcləyə bilərdik. Amma fikirləşdik ki, buna da ehtiyac yoxdur, istəsələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə özləri xərcləyərlər. Ona görə də Dövlət Komitəsinə məktub yazaraq puldan imtina etdiyimizi bildirdik”.
R. Abbasov Azərbaycanda bəhailərin sayının təxminən 1000 nəfər olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 20 qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib. Qərarla QMİ-yə 2 milyon manat, 20 qeyri-islam təmayüllü icmaların hamısına isə ümumilikdə 400 min manat vəsait ayrılıb. İki bəhai icması vəsaitdən imtina etdiyindən, 400 min manat 18 qeyri-islam təmayüllü icma arasında bölüşdürülüb.