Silah » ABŞ Suriya sahillərinə təyyarədaşıyan göndərdi

Fransa isə Bəşər Əsəd müxalifətini rəsmən tanıdı

ABŞ Suriya sahillərinə ən yeni təyyarədaşıyan gəmi qruplaşmasını göndərib. BBC radiostansiyası xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni “George H.W.Bush” təyyarədaşıyanı Fars körfəzi sularından Suriya sahillərinə istiqamət alıb. Onu müxtəlif tipli bir neçə hərbi gəmi müşayiət edir. “George H.W.Bush” təyyarədaşıyanı 2009-cu ildə istifadəyə verilib. O, 70-ə yaxın döyüş təyyarəsi, o cümlədən 48 qırıcı daşıya bilir. Pentaqon gəminin Suriya sahillərinə yan almasının səbəbləri barədə açıqlama verməyib. Lakin ehtimal edilir ki, bu addım Rusiyanın Suriya sahillərinə üç hərbi gəmisini göndərdiyi barədə xəbərlərlə bağlıdır. “Əl-Ərəbiyə” kanalının yaydığı xəbərə görə, Rusiya hərbi gəmiləri Aralıq dənizinin şərq sularına kəşfiyyat və məxfi məlumatlar toplamaq üçün göndərilib-"Yeni Müsavat" xəbər verir.

İsrailin “Debka” saytı isə Suriya diktatoruna yaxın qaynaqlara istinadən xəbər verir ki, Rusiya gəmiləri Tartus limanında yan almayacaq. Onların məqsədi Əsəd rejiminə dəstək vermək yox, Suriyaya qarşı mümkün beynəlxalq hərbi müdaxiləni önləməkdir. Suriyada hələ sovet dövründən Rusiya Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir. Rəsmi Moskva Əsəd rejiminə dəstək verir və onu xarici hərbi müdaxilədən qorumağa çalışır. Rusiya hər il Suriyaya 3 milyard dollarlıq silah satırdı. Xəbərlərə görə Rusiya Əsəd rejimini qorumaq üçün bu ölkəyə "S-300" zenit-raket komplekslərini də göndərməyə hazırlaşır.
İsrail mənbələri xəbər verir ki, Rusiya artıq Suriyaya gəmilərə qarşı tətbiq olunan “Yaxont” raketlərinin göndərilməsinə başlayıb. Nə qədər raketin yola salındığı haqda məlumat yoxdur, İsrail kəşfiyyatı narahatdır ki, raketlər “Hizbullah”a ötürülə bilər. Bildirilir ki, raketlər gəmilərlə Suriyanın Tartus limanına daşınır. Aydındır ki, Rusiya Əsəd rejimini mümkün beynəlxalq hərbi müdaxiləyə qarşı gücləndirmək istəyir.
Suriyada hər gün Əsəd rejiminin onlarla insanı qətlə yetirdiyi bir vaxtda Liviyada olduğu kimi, beynəlxalq müdaxilə barədə müzakirələr getməsə də Fransa XİN bəyan edib ki, mülki əhalini qorumaq üçün tədbirlər görmək lazımdır. Xarici işlər naziri Alan Jüpe bəyan edib ki, Suriyada dinc əhalinin müdafiəsi üçün təhlükəsizlik zonası yaradılmalıdır. Onun sözlərinə görə, təhlükəsizlik zonası Suriya əhalisinə humanitar yardım göstərilməsi üçün lazımdır. Lakin nazir Suriyaya qarşı hərbi müdaxiləni istisna edib. Jüpe həmçinin bəyan edib ki, sürgündəki Suriya Milli Şurasını legitim tərəfdaş kimi tanıyırlar və Fransa bu təşkilatla əməkdaşlığı davam etdirəcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!