Silah » Ermənistan Azərbaycanla silah yarışına girir?

İşğalçı rejim Bakının ünvanına hədələr səsləndirir

Ötən həftə sonu bir-birinin ardınca Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərində iki əsgərini itirməsindən sonra İrəvanda ciddi hay-küy başlayıb. Ermənistan Müdafiə Nazirliyi cəbhənin Ağdərə və Füzuli istiqamətlərində ötən şənbə və bazar günləri iki əsgərin Azərbaycan tərəfinin açdığı snayper atəşi ilə öldüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi bu insidentlə bağlı hədələyici bəyanat yayaraq bildirib ki, qarşı tərəfə “bir neçə qat artıq” cavab veriləcək. Azərbaycan Müdafiə Nazirliyi isə atəşkəsi pozan tərəf olmadıqları, ancaq düşmənin açdığı atəşlərə cavab verildiyi haqda açıqlama yayıb. Maraqlıdır ki, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan ötən şənbə günü öldürülən erməni əsgərini dərhal medalla təltif edib. Baxmayaraq ki, həmin insident zamanı Saakyan ABŞ-da olub.
Erməni saytları öldürülən əsgərin nədən medalla təltif edildiyinə izahat verilmədiyini yazır. Ehtimal edilir ki, həmin əsgəri medalla təltif ediblərsə, deməli, o, boş yerə ölməyib və hansısa əməliyyatda yer alıb.
Ermənistan KİV-ləri neçə gündür bu insidentlərə geniş yer ayırır, müxtəlif ekspertlər, siyasətçilər səs-səs verərək Azərbaycana “dağıdıcı əks-zərbə endirilməli olduğu” barədə çıxışlar edirlər. Erməni ekspertlərinin şərhlərinə görə, son insidentlər Azərbaycanın hərbi əməliyyatlara başlamağa hazırlaşdığını və qarşı tərəfin əsəblərini yoxladığını göstərir.
Digərlərinin fikrinə görə isə Azərbaycan tez-tez erməni əsgərlərini vurmaqla ona nail olmaq istəyir ki, Ermənistanda narazılıq artsın, valideynlər övladlarını əsgərliyə göndərməkdən boyun qaçırsınlar. Bu səbəbdən düşmən ölkədə Azərbaycana sərt cavab verilməli olduğu barədə çağırışlar artır. Gözləmək olar ki, yaxın günlərdə düşmən ordusunun təmas xəttində fəallığı artacaq.
Qeyd edək ki, ötən həftə sonu Azərbaycan prezidenti İlham Əliyev də son aylarda ilk dəfə işğal altındakı torpaqların hərbi yolla qaytarıla biləcəyinə dair bəyanat verdi və xarici ekspertlər bunu Bakının müharibə hədəsi kimi dəyərləndirdi. Son iki-üç ayda rəsmi Bakı müharibə ritorikasından bir qədər uzaq durmağa çalışırdı və bunun əksinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqlar başlatmaq təşəbbüsləri ortaya atılmışdı. Hazırda Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar dayanmış vəziyyətdədir, ATƏT-in Minsk Qrupunun vasitəçilik imkanlarının artıq tükəndiyi haqda qənaətlər möhkəmlənir. Gələn il hər üç həmsədr ölkədə prezident seçkiləri olacaq, üstəlik, Ermənistanda da parlament seçkiləri keçiriləcək. Analitiklər seçkilərin danışıqlar prosesinə təsirinə dair ötən təcrübədən çıxış edərək deyirlər ki, bu səbəbdən azı bir il münaqişənin nizamlanması istiqamətində ciddi təşəbbüslər olmayacaq. Bu da müharibə riskini artırır. Çünki danışıqlar prosesi münaqişənin həllini tapmaqdan daha çox tərəfləri müharibədən çəkindirmək, yəni status-kvonu saxlamaq məqsədinə xidmət edirdi.
Ermənistan və Azərbaycanın son illərdə hərbi arsenalını gücləndirməsi Vaşinqtonun da Dağlıq Qarabağda müharibə mümkünlüyü narahatlığını gücləndirib. Bakı və İrəvan öz hərbi texnikaları haqqında informasiyaları son vaxtlara qədər passiv siyasət mövqeyi tutan Qərb tərəfdaşlarından məxfi saxlayırlar. Bir neçə ay əvvəl isə “İMİNİT&Analyses” hərbi analiz mərkəzi Azərbaycan və Ermənistanın hərbi potensialı barədə peykdən çəkilmiş şəkillər əsasında təhlil aparmışdı. Həmin təhlildə deyilirdi ki, Azərbaycan Hərbi-Hava Qüvvələrində (HHQ) Ermənistanı üstələyib, eyni zamanda güclü Hava Hücumundan Müdafiə (HHM) sistemləri əldə edib.
Ermənistan isə “Skad” tipli raketlərini Qarabağda yerləşdirərək onu Bakının neft infrastrukturuna tuşlayıb. Amerikalı hərbi ekspert Ermənistanla Azərbaycanın hərbi potensialını “Turan”a şərh edərkən deyib ki, hər iki tərəf son illər güclü silah sistemləri alıb. Bunu açıq mənbələrdə əksini tapan məlumatlar da təsdiqləyir.
Tərəflərin zirehli texnikasını təhlil edən hərbi nəşr Azərbaycanın 300-400, erməni tərəfin 160 tanka malik olduğunu, daha 300 zirehli texnikanın Dağlıq Qarabağda yerləşdiyini bildirir. Bu silah növündə balans olduğunu nəzərə çatdırır.
Öz növbəsində Ermənistanın bir o qədər də çox olmayan T-80 tipli tankları olduğu, Azərbaycanın isə Ukraynadan T-84 tankları almaq üçün danışıqlar apardığı qeyd edilir. Zirehli transportyorlar, yüngül tanklar və döyüş maşınları Azərbaycanda daha çoxdur. Azərbaycanın hərbi üstünlüyü təkcə ordunun sayı ilə yox, həm də müasir artilleriya sistemi ilə də üzə çıxır. Belə ki, Azərbaycan Rusiyadan “Dağlıq Qarabağı boşaltmağa qadir olan” “Smerç” sistemləri alınıb.
Azərbaycan 180 ədəd D-30 və 34 ədəd D-20, Ermənistan isə 90 ədəd D-20  və 34 ədəd D-30 tipli toplar alıb ki, sonuncular əhəmiyyətli dərəcədə köhnədir. Həmçinin Azərbaycanın Hərbi-Hava Qüvvələri Dağlıq Qarabağdakı köhnəlmiş HHM sistemini məhv etməyə qadirdir. Baxmayaraq ki, Azərbaycanın HHQ-də müasir “hava-yer” silahlı sistemi və ya yüksək dəqiqli döyüş ehtiyatları çatışmır, amma pulotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi ilə bu problem aradan qalxıb.   MİQ-29 qırıcı təyyarələri 30 ədəddir, 8 ədəd SU-24 bombardmançı və 30 ədəd SU-25 qırıcı təyyarəsi üstünlük əldə etmək üçün kifayətdir. Həm də pilotsuz uçan aparatlar havadan quru qoşunlarına kəşfiyyat məlumatları verə bilir ki, bu da əsas üstünlük sayıla bilər. Ermənistan Qarabağ üzərində Azərbaycana məxsus “Hermes-450" pilotsuz uçan aparatını vurmaqla müqavimət göstərib. Bu aparatlar ən yaxşı halda 5 km hündürlüyə qalxa bilir, az sürətli olması isə onu asan hədəfə döndərir.
Ermənistan HHQ 15 ədəd SU-25 təyyarəsindən ibarətdir, amma Azərbaycanın etibarlı HHM sistemi onlara ərazilərin dərinliyinə girməyə imkan verməyəcək.
“Ermənistanın son hərbi paradı hərbi ehtiyatlar baxımından qiymətli informasiya mənbəyinə döndü. O, həm də Ermənistanda son zamanlar özünə artan inamı nümayiş etdirdi. Dağlıq Qarabağda istifadə edilə biləcək S-300PS zenit-raket sistemi ilə yanaşı, dünyaya ”Toçka-U" raketləri də nümayiş etdirildi" - deyə mənbə qeyd edir.
Ermənistanın imkanlarını təhlil edən nəşr yazır: “İri dövlətlərə resurs nəql edə bilməyən, boru kəmərləri və boru kəmərləri marşrutları olmayan, geosiyasi üstünlükdən məhrum Ermənistan geosiyasi güc və ya silah baxımdan heç nəyə yaramır”.
Ermənistan HHM isə istənilən HHQ zərbələrinə məhdud cavab verməyə etibarlı ola bilər. Nəşr qeyd edir ki, Dağlıq Qarabağ üçün bu gün üçün ciddi müdafiə onun yerüstü istehkamları, bir də 90-cı illərdən qalan qalib hissi ola bilər. Eyni zamanda Azərbaycan əhəmiyyətli dərəcədə üstünlüyə malikdir və yaxşı təşkil edilmiş, əlaqələndirilmiş hücumla uğurlu nəticələr əldə edə bilər. Azərbaycanın 90-cı illərdəki itkiləri milli hissinin bir hissəsidir və əvəzçıxmaya can atır.
Beynəlxalq Böhran Qrupunun proqram direktoru Lourents Şits isə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlanması ehtimalını təhlil edərkən deyir ki, Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçilik missiyasına böyük ümidlər var idi. Lakin bu missiya heç bir nəticə vermədi və Kazan görüşündən sonra proses yavaşıdı.
“Bundan əlavə, onu da nəzərə almaq lazımdır ki, silahlanma yarışı, davam etməkdə olan hərbi proqramlar və təlimlər tərəflər arasında gərginliyi daha da artırıb” - deyə ekspert təşkilatın saytına müsahibəsində bildirib.
L.Şits bildirib ki, Dağlıq Qarabağ üçün “dondurulmuş münaqişə” ifadəsini işlətmək təhlükəlidir. Çünki bu illüziya yaradır, belə çıxır ki, münaqişə artıq təhlükə kəsb etmir. Əslində isə bu cür dondurulmuş münaqişələr uzunmüddətli perspektivlər üçün öldürücü ola bilər.
“Son iki ildə təmas xəttində insidentlərin sayı artıb, tərəflər indi təkcə atıcı silahlar yox, artilleriya da tətbiq edir. Bütün bunlar riskdir, irimiqyaslı hərbi əməliyyatların başlanması təhlükəsini yaradır” - deyə o bildirib.
L.Şits deyib ki, münaqişə ətrafındakı indiki status-kvo təhlükəlidir, sabitlik vəd etmir və beynəlxalq birlik problemi həll etmək üçün yeni yanaşmalar tətbiq etməlidir. Onun sözlərinə görə, indiki dalan vəziyyətindən çıxmaq üçün əvvəllər təqdim edilməyən yeni alternativlər irəli sürülməlidir. /Yeni Müsavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!