Ayılmaqda olan İslam dünyasında baş verən inqilabi prosesləri dəstəkləmək lazımdır.
SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejat bildirib.
I İslam oyanışı Beynəlxalq konfransının bağlanış mərasimindəki çıxışı zamanı Mahmud Əhmədinejat deyib: ''Hazırda bir sıra müsəlman ölkələrində inqilabi proseslər baş verir. Biz azadlıqsevər xalqlara məqsədlərinə çatmaqda yardım etməliyik. Allah insanları yaradarkən onların daxilinə ilahi hissəcik qoyub. Lakin artıq uzun əsrlər boyu şeytan insanları Allah yolundan çıxarmağa çalışır. Allah insanı 2 taleyüklü məsələni həll etmək üçün yaradıb. Birincisi, əbədi həyata hazır olmaq və sonsuz varlığa can atmaqla Allaha mümkün qədər yaxın olmaqdır.
İkincisi isə, yerdə ilahi prinsiplərə əsaslanan ədalətli cəmiyyətin qurulmasıdır. Allah yerə peyğənbərləri göndərdi ki, onlar bəşəriyyətə düzgün yol göstərsin və bu iki öncədən verilmiş göstərişi həyata keçirməkdə onlara dəstək olsun. Yaşadığı yerdən asılı olmayaraq, ədalət və insansevərlik prinsipləri ilə hərəkət edən hər bir kəs islamın göstərdiyi yol ilə gedir''.
Nitqinin digər hissəsində isə Mahmud Əhmədinejat ABŞ və İsrailin İslam dünyasında baş verən inqilabi proseslərin yatırılmasına çalışdığına toxunaraq insanları ayıq olmağa və bu dövlətlərə etibar etməməyə çağırıb: ''ABŞ uzun illər boyu dünyaya hakim olub. İndi isə bu hakimiyyət sona çatır, onlar isə bunu qəbul etmək istəmirlər. ABŞ İslam dünyasının hələ də yatdığını zənn edir.
Biz ABŞ-a sübut etməliyik ki, onlar yanılırlar. Müsəlman dövlətləri bir-birinə qarşılıqlı dəstək verməli və bizim birliyimizi sarsıtmağa çalışan dövlətlərin təxribatlarına uymamalıdırlar''.