Benyamin Netanyahu ümid edir ki, Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasının yolu tapılacaq
İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında Türkiyə ilə münasibətlərdə yaranmış vəziyyətə dair açıqlama verib. Netanyahu Türkiyə ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini, lakin "Mavi Mərmərə" hadisəsi ilə bağlı üzr istəməyəcəklərini deyib.
"Hücuma məruz qalan əsgərlərimiz özlərini müdafiə etdikləri üçün üzr istəməyəcəyik. “Həmas” üçün silahların daşınmasına mane olmaq üçün gördüyümüz tədbirlərə görə üzr istəməyə ehtiyac yoxdur. İsrail ölənlərə görə təəssüfləndiyini ifadə edir. Ümid edirəm ki, Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasının bir yolunu taparıq. Türkiyə ilə əlaqələri heç vaxt kəsmək istəməmişik. Özümüzü müdafiə etmək hüququmuzdan istifadə edirik. Vətəndaşlarımızı və övladlarımızı qorumağımıza görə üzr istəməyəcəyik", - deyə o vurğulayıb. /ANS/