"Hazırda Tehranın Əmirabad nüvə reaktorunun yanacaqla təmin edilməsində problem yoxdur, lakin ilin sonunadək (İranda il martın 21-də dəyişir) bu reaktorun yanacağını ölkədə istehsal edəcəyik"
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
"Əmirabad nüvə reaktorunu müvəqqəti olaraq mövcud yanacaqla təmin edirik və ilin sonunadək 20 faizlik uran yanacağını istehsal edərək bu reaktorda istifadəyə verəcəyik", - Abbasi bildirib.
İrana - Tehrandakı Əmirabad tədqiqat reaktoruna 19,75 faizədək 120 kiloqrama yaxın zənginləşdirilmiş uran tibbi məqsədlərə istifadə etmək üçün tələb olunur. Reaktor 1960-cı illərdə tikilib. Ötən il oktyabrın sonlarında BAEA İrandan Tehrandakı nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil almasını tələb edib. İran isə yalnız ölkə ərazisində sinxron mübadiləyə razılıq verdiyini bəyan edib.
2010-cu il mayın 17-də isə Braziliyanın iştirakı ilə İran və Türkiyə 1200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.
Ötən il İranın Atom Enerji Təşkilatının sabiq rəhbəri hazırkı XİN başçısı Əli Əkbər Salehi də Tehran reaktoru üçün lazımlı nüvə yanacağının ilin sonunadək istehsal olunacağını demişdi.
"İndiyədək 25 kiloqram 20 faizlik uran artıq zənginləşdirilib və ilin sonunadək Tehran reaktoruna lazım olan bütün nüvə yanacağı ölkədə istehsal olunacaq", - Salehi vurğulamışdı.