Parlamentarilər ölkədəki vəziyyətin müzakirəsi üçün məzuniyyətlərini yarımçıq kəsməli olublar
İsrail palamentinin deputatları məzuniyyətlərini yarımçıq kəsərək hökumətin sosial siyasətinə qarşı baş qaldıran etiraz dalğası ilə bağlı vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirir. Bu iclas müxalifətdə olan 50-dək qanunvericinin növbədənkənar toplantının keçirilməsi zərurəti ilə bağlı ərizə imzalamasından sonra çağrılıb. Knessetin xüsusi toplantısı keçirildiyi vaxtda isə yüzlərlə nümayişçi parlamentin binası qarşısına toplaşıb. Onlar parlamentariləri ədalətli olmağa çağırıblar.
Qeyd edək ki, ölkədə mövcud iqtisadi vəziyyət və bahalığa qarşı etiraz aksiyaları iyulun 14-də başlayıb. Ölkə vətəndaşlarının 80 faizi bu etirazları dəstəkləyir. Sonuncu dəfə avqustun 13-də keçirilən etiraz aksiyasında 100 minədək adamın iştirak etdiyi bildirilir. Paytaxt Təl-əvivin mərkəzində çadır düşərgəsi salanlar isə oranı tərk etmək niyyətində deyil. Sentyabrın 3-də isə İsrailin 50-dək şəhərində "Milyonların yürüşü" keçiriləcək. /ANS/