Ermənistan Milli Təhlükəsizlik Xidməti 31 yaşlı Karen Mehrabyanın Qarabağdakı hərbi qüvvələr barədə məlumat yığıb ötürdüyünü bildirir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bəyan edib ki, dünən Gürcüstanla sərhəddə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən erməni casus tutulub.
Açıqlamaya görə, 1980-ci il təvəllüdlü İrəvan sakini, Ermənistan vətəndaşı olan Karen Yuryeviç Mehrabyan Gürcüstan-Ermənistan sərhədini keçərkən saxlanılıb. K.Mehrabyanın uzun müddətdir Ermənistan xüsusi xidmət orqanları tərəfindən izləndiyi bildirilir.
Bu müddət ərzində həmin şəxs müxtəlif yollarla, o cümlədən videoçəkilişlər aparmaq, faktlar toplamaqla Dağlıq Qarabağdakı erməni hərbi qüvvələrinin potensialı barədə Azərbaycan xüsusi xidmət orqanlarını maraqlandıran məlumatlar toplayaraq ötürüb. O, bu prosesə Dağlıq Qarabağ əhalisini və Ermənistan ordusunun hərbçilərini də cəlb etməyə çalışıb.
Ermənistan MTX bildirir ki, Mehrabyanın casusluq fəaliyyətinə dair “təkzibolunmaz dəlillərə” malikdir. Onun Azərbaycan xüsusi xidmət orqanlarının Türkiyədəki rezidenturası tərəfindən “verbovka” olunması faktına dair sübutlar da var. Azərbaycan xüsusi xidmət orqanları bu xəbərə hələlik şərh verməyib.