"Bütün dünya müsəlmanlarını, Azərbaycan xalqını bu mübarək gün, Həzrət Əlinin (ə.s.) mövludu münasibəti ilə təbrik edirəm. Bəşəriyyət tarixində çoxsaylı zirvələr fəth etmiş nadir şəxsiyyətlərdən biri Allahın aslanı İmam Əli (ə) olub"
Bu sözləri ilahiyyatçı, Nəhcül-Bəlağa kitabının tərcüməçisi Hacı Ağabala Mehdiyev SalamNews-a açıqlamasında bildirib.
O deyib: "Dünyaya gəlməsindən vəfat edənədək fəzilətlər qalalarını fəth etmiş bu ilahi şəxsiyyət barəsində çox sözlər danışılıb, saysız-hesabsız əsərlər yazılıb. Bəziləri onun yer üzünün ən şərəfli məkanı sayılan Kəbənin içində dünyaya gəlməsini fəzilət sayıb, bəziləri onu Peyğəmbərə (s) ilk iman gətirən kişi kimi yüksək dəyərləndirib, bəziləri də onun ayların sultanı olan Ramazan ayında, Ramazan ayının sultanı olan Qədr gecəsinin səhəri, məkanların şahı olan məsciddə ölümlərin şahı olan şəhadətlə Rəbbinə qovuşmasını önə çəkib. Əlinin (ə) fəziləti kimi Peyğəmbərin (s) onun barəsindəki sözlərini, yaxud onun müharibə meydanlarındakı misilsiz şücaət və rəşadətlərini, həmçinin gecə ibadətlərini nümunə göstərənlər də az deyil. Bəli, ədalətinin qurbanı olan Əli (ə) barəsində bütün bu deyilənlər həqiqət olsa da, onun fəzilətini əks etdirən digər bir məqam da vardır. Əgər Əli (ə) barəsində hətta Peyğəmbər (s) bir kəlmə müsbət bir söz deməsəydi, nə də tarix onun ibadət və şücaətindən, ədalət və qəzavətindən bir şey nəql etməsəydi onun daxili aləmini əks etdirən bənzərsiz kəlamları bu fəzilətin dəlili kimi yetərli idi. İmam Əli (ə) bütün sahələrdə olduğu kimi, bu sahədə də başqalarını arxada qoyub. Əlinin (ə) kəlamlarında özünəməxsus şirinlik, cazibə vardır. Elə bu səbəbdəndir ki, o, nəinki müsəlmanların, hətta qeyri-müsəlmanların heyrətinə səbəb olub, onları ozünə cəzb edib.
Allah-Təala hamımıza dinimizi öyrənərək ona əməl etməkdə kömək olsun"!