Silah » Bakıda keçiriləcək hərbi paradda Azərbaycan istehsalı olan silah və texnikalar da nümayiş etdiriləcək

Silahlı Qüvvələr günü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda Azərbaycan hərbi sənayesinin məhsulları da ictimaiyyətə nümayiş olunacaq

APA-nın məlumatına görə, paradda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş silah və texnikalar xüsusi təqdimatla keçəcək.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, paradda hərbi texnika keçidində MSN-in Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi 6 və ya 8 ədəd «Matador» və «Marauder» tipli (3 və ya 4 «Matador» və eyni sayda «Marauder») minaya qarşı qorumalı transportyor tribunanın önündən keçid edəcək. Bu texnikalar Azərbaycanın istehsal etdiyi silahlarla silahlandırılıb. Paradda keçid zamanı texnikaların texniki-taktiki xüsusiyyətləri barədə məlumat veriləcək.

Bundan başqa, avtomobillərin yedəyində və ya üzərində MSN tərəfindən istehsal olunmuş 107 mm çaplı reaktiv yaylım atəş sistemi (raket buraxılış qurğusu) təqdim olunacaq.

Paradda, həmçinin «Land Rover» və digər heyət daşıyan maşınların üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış «İstiqlal» snayper tüfəngi, pulemyotlarla silahlanmış əsgərlərin keçidi nəzərdə tutulur.

Avtomobillərin üzərində yerli müəssisələrdə istehsal olunan 60 mm çaplı «Kommando» tipli minaatanlar və 82 mm çaplı minaatanlar («Aşırım-5») da nümayiş etdiriləcək.

Bundan başqa, parada iştirak edəcək şəxsi heyətin bir bölüyünün Azərbaycan istehsalı olan AK-74M markalı avtomatlarla silahlanması nəzərdə tutulur.

Paradda Azərbaycanın «Azad Systems» şirkətinin İsrail şirkəti ilə birgə istehsal etdiyi pilotsuz aparatların və modernləşdirilmiş BTR transportyorların keçidi də planlaşdırılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!