İsrailin baş naziri Knesset qarşısında çıxış edib
İsrail baş naziri Benyamin Netanyahu Fələstin hökumətinə qarşı sərt mövqe sərgiləməkdə davam etdirir. Knesset (parlament) qarşısında çıxış edən baş nazir HƏMAS-ı nəzərdə tutaraq deyib ki, İsraili məhv etməyi and içmiş bir təşkilatın üzvlərindən ibarət olan hökumətlə İsrail sülh əldə edə bilməz-ANS PRESS "Accociated press" agentliyinə istinadən xəbər verir.
Netanyahu İsraillə münaqişəyə son qoymaq istəyən bir Fələstin dövləti ilə sülh əldə etmək niyyətində olduğunu deyib. "Biz yalnız sülh istəyən bir dövlətlə sülh əldə edə bilərik. O kəslər ki, bizləri məhv etmək istəyir, onlar bizimlə əməkdaşlıq edə bilməz. Üzvlərinin yarısının hər gün İsrail dövlətini məhv etmək niyyətində olduqlarını bəyan edən Fələstin hökuməti ilə sülh əldə etmək mümkün deyil", - deyə o bildirib.
İsrail baş naziri həmçinin deyib ki, iki dövlət arasında münaqişənin kökündə fələstinlilərin yəhudi dövlətini tanımaqdan imtina etməsi durur: "Əgər onlar İsrail dövlətinin tanınması, qəbul edilməsi yolunu tutarlarsa və terrordan əl çəkərlərsə, onda onlar bizim sözdə deyil, əməldə sülh əldə etmək niyyətində olduğumuza əmin ola bilərlər”.