XİN Britaniyanın Nümayəndələr və Lordlar Palatası üzvlərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib
Bu gün Böyük Britaniyanın Lordlar Palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun rəhbərlik etdiyi Nümayəndələr və Lordlar Palatasının üzvlərindən ibarət qrup rəsmi Bakının icazəsi olmadan, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa səfər edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, qondarma respublikanın başçısı Bako Saakyan nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında səfərin baş tutub-tutmadığının hazırda araşdırıldığını bildirib.
“Azərbaycanın Xarici İşlər Nazirliyi hazırda onların Dağlıq Qarabağa səfərlərini araşdırır. Əgər bu öz təsdiqini taparsa, sözügedən səfərdə iştirak edən şəxslər Azərbaycan dövlətinin qara siyahısına salınacaqlar”, - deyə Elxan Poluxov bildirib.
Səfər zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin müzakirə olunması məsələsinə münasibət bildirən XİN rəsmisi bunun Böyük Britaniyanın rəsmi mövqeyi olmadığını bildirib.
“Nümayəndələr və ya Lordlar Palatası Böyük Britaniya dövlətinin rəsmi mövqeyini təmsil etmir”, - deyə o bildirib.
Erməni mətbuatı yazır ki, britaniyalı parlamentarilər səfər zamanı ikitərəfli əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Dağlıq Qarabağın daxili həyatı və regional məsələlərini müzakirə ediblər.