“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir”
“Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan bölgədə sabitləşdirici amildir. Ölkəmiz bütün sahələrdə uğurlu siyasət aparır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlayıb”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib. Onun fikrincə, bu, ədalətsizlikdir, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyil. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - Xocalı soyqırımı törədilib, günahsız insanlar vəhşicəsinə qətlə yetirilib: “Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyil”.
Dövlət başçısı bir daha bəyan edib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır: “Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir. Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyil və olmayacaq”.
Prezident İlham Əliyev ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfərinə də toxunub. Onun sözlərinə görə, bu missiya Azərbaycan tərəfinin təklifi ilə baş tutub və Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərib: “Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər edib. O, faktaraşdırıcı missiya idi. Yəni, o, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər var. Haqlı olaraq cəmiyyətimiz öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyil. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir. Yəni, mən orada vacib olan məsələlərdən bir neçəsini qeyd etmək istəyirəm. Birincisi, orada açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıb. Yəni, biz bunu onsuz da bilirdik, 2005-ci ildə bu, göstərilmişdir və bu il də bu, göstərilir. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görmüşdür. Məscidlərimiz, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilibdir. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan bir tələbdir”. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağda qurulan qondarma yerli hakimiyyət Ermənistanın göstərişi ilə bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir: “Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilib. Bu da birbaşa Ermənistana ünvanlanan bir iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaq”.
“Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın”, - deyən dövlət başçısının sözlərinə görə, o, Azərbaycan vətəndaşlarına bu barədə də müəyyən dərəcədə məlumat verib: “Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyil. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə o qədər yaxşıdır, yəni, dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaq”.
Prekzidentin sözlərinə görə, rəsmi Bakı bunun mümkünsüzlüyü ilə bağlı dəfələrlə məsələ qaldırıb: “Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcək. Bizim kəskin fikrimiz bundan ibarətdir və status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişməsi nə deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır və məruzədə bu tezisin göstərilməsi hesab edirəm ki, çox vacib məsələdir. Azərbaycanın mövqeyi həmsədr ölkələr - ATƏT tərəfindən dəstəklənir. Status-kvonun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri də öz bəyanatlarında bildiriblər. Əgər status-kvo dəyişdiriləcəksə bu, mütləq dəyişdirilməlidir, əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaq və bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın”.
“Bu məsələ ilə bağlı sadəcə olaraq istərdim ki, Azərbaycan vətəndaşları həm məruzə ilə bağlı, həm də ki, danışıqların mahiyyəti və məzmunu ilə bağlı mənim mövqeyimi, - Azərbaycan dövlətinin mövqeyini bilsinlər”, - deyən Prezidentin fikrincə, buna ehtiyac var./ANS PRESS/