İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibəsində belə deyib
BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə çıxarıb və onlardan heç biri icra olunmayıb. Biz BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı çıxardığı qətnamənin qəbul olunduqdan bir neçə saatdan sonra icra olunduğunu gördük. Dağlıq Qarabağla bağlı qətnamə isə 17-18 ildir icra olunmur. Təbii ki, burada suallar yaranır”. Bunu prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibəsində deyib.
"Səbəb nədir? Burada belə bir operativlik var, ancaq bizimlə bağlı məsələdə bu cür passivlik nümayiş etdirilir”, deyə dövlət başçısı əlavə edib.
Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu çox yüksək qiymətləndirildiyini də bildirib.
“Prezident Dmitri Medvedev bu münaqişənin həll olunmasında köməklik göstərmək üçün çox böyük səylər göstərir. Onun təşəbbüsü ilə bir neçə üç tərəfli görüş keçirilib. Bu görüşlər böyük əhəmiyyət daşıyır və müsbət nəticəsi olur. Təəssüf ki, bu münaqişə uzun illərdir ki, həllini tapmır. Və biz ümid edirik ki, yaxın zamanda irəliləyişlərə nail olacağıq. Uzun illər keçsə də və praktik olaraq bütün beynəlxalq təşkilatlar problemin həlli ilə bağlı müvafiq qətnamələr qəbul etsə də, münaqişə hələ də həllini tapmayıb". /ANS PRESS/