Qanunu pozanlara 150 avro cərimə nəzərdə tutulur
Fransada bu gün müsəlman qadınların ictimai yerlərdə üzlərini qapamasını qadağan edən qanun qüvvəyə minir. Bununla da bu gündən etibarən Fransada yaşayan müsəlman qadınların ictimaiyyət arasında burqa, niqab və paranca kimi üzü örtən geyimlərdə olması qadağan edilir. Lakin qadınların evdə, mehmanxana otağında, iş yerlərində belə geyimlərinə qadağa qoyulmur-ANS PRESS "Euronews"a istinadən xəbər verir.
Qadağanın pozulmasına görə 150 avro məbləğində cərimə nəzərdə tutulur. Bundan başqa, qanunu pozanlara layiqli vətəndaş kursu keçmək öhdəliyi qoyula bilər. Əgər ictimai yerlərdə qadını bu cür geyinməyə kiminsə məcbur etdiyi ortaya çıxarsa, həmin şəxs 30 min avro məbləğində cərimlənə və 1 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər məcbur edilən qadın azyaşlıdırsa, bu halda məcbur edənə qarşı həmin cəzanın iki qatı nəzərdə tutulur.
Müsləman qadınların heç də hamısı qanuna əməl etməyə hazırlaşmır. "Aprelin 11-də mənim həyatım yenə də paranca taxan Fransa vətəndaşı olaraq davam edəcək. Mən ictimai yerlərə, istədiyim hər yerə belə çıxacam. Nəticələr nə olur-olsun, parancamı çıxarmayacam", - deyə Fransada yaşayan müsəlman qadınlardan biri bildirib.
Qeyd edək ki, qanun ötən il oktyabrın 12-də Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə qəbul edilib. Qanuna riayət edilməsinə nəzarəti hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirəcəklər. Lakin onların əksəriyyəti yeni qanunun ölkədə təhlükəsizliklə bağlı vəziyyətə təsir etməyəcəyini düşünür.
"Üzü örtən geyimin qadağan olunması, ola bilər ki, əhəmiyyətsiz bir qanun deyil. Lakin inanmıram ki, bu, Fransada terrorla mübarizədə əsas bəndlərdən birinə çevriləcək", - hüquq mühafizəçilərindən biri belə düşünür.
65 milyon əhalisi olan Fransada, rəsmi məlumatlara görə, azı 3000 qadın paranca geyinir