Misir inqilabı 32 il əvvəl İranda baş vermiş İslam inqilabı ilə müəyyən oxşar cəhətlərə malikdir
Bütün avtoritar rejimlər bir-birinə bənzəyir. Ona görə də bir qayda olaraq bu və ya digər avtoritar, diktatura rejimli ölkələrdə baş verən inqilablar arasında oxşarlıqlar çox olur. Misirdə, ondan bir qədər əvvəlsə Tunisdə baş verən inqilablarla daha əvvəllər baş vermiş inqilabi hərəkatlarla müəyyən oxşarlıqlar var. Xüsusən Misir inqilabı 32 il əvvəl İranda baş vermiş İslam inqilabı ilə müəyyən oxşar cəhətlərə malikdir.
İran şahı Rza Pəhləvi o zamankı Misir prezidenti, indiki dövlət başçısı Hüsnü Mübarəkin sələfi Ənvər Sadatla yaxın dost idi. Bu üzdən də devrilən şahın üz tutduğu ilk ölkə Misir oldu, baxmayaraq ki, orada çox qala bilmədi. Buna baxmayaraq, Sadat şaha hər mənada dəstək verdi. Bunun nəticəsi idi ki, devriləndən sonra bir il bütün dünyanı dolaşan şah yenidən Misirə gedib 1980-ci ildə orada öldü.
Qəribə də olsa İran şahı kimi hazırkı Misir prezidenti Hüsnü Mübarək də xərçəng xəstəliyindən əziyyət çəkir. Hətta ötən il Mübarəkin ölüm ayağında olması xəbəri də yayılmışdı. Misir də İran kimi müsəlman Şərqinin siyasi baxımdan söz sahibi olan iri ölkələrindən biridir. Bu ölkənin 83 milyon əhalisi var. Misir qədim mədəniyyətə və böyük elmi-mədəni potensiala da sahibdir. Ancaq illərdir davam edən müharibə şəraiti, qəddar diktatura rejimi, korrupsiya Misiri inkişafdan saxlayıb. Böyük yeraltı-yerüstü sərvətlərinə və potensialına rəğmən Misir hazırda kasıb ölkələrdəndir.
32 il əvvəl İranda olduğu kimi, bu gün Misirdə bütün xalq kütlələri - işsizlər, tələbələr, ziyalılar meydanlara çıxıb hakimiyyətin dəyişməsini istəyir. Misirdəki inqilabı İranda olduğu kimi, ruhanilər idarə etməsə də, Misirin ənənəvi islamçı müxalifəti - “İxvan əl-Muslimun” yenə müxalif cəbhənin ön sırasındadır. Daha bir oxşarlıq hər iki ölkədə inqilab liderlərinin xaricdən gəlməsi faktı ola bilər. İran İslam İnqilabının lideri Ayətullah Xomeyni ötən əsrin 60-cı illərin ortalarında şah tərəfindən sürgün olunmuşdu. O, Türkiyə (1 il,',0), İraq (10 ildən artıq) və Fransada (3 ay) sürgün həyatı yaşayandan sonra 1979-cu ilin əvvəllərində - inqilabın qələbə çalmasına az qalmış İrana qayıdır. Oxşar olmasa da, yaxın taleyi Misir müxalifətinin lideri Məhəmməd əl-Baradeyi də paylaşır. 1942-ci ildə Qahirədə doğulan Baradeyi hüquq təhsili alıb, Misir XİN-də çalışıb. 1980-ci ildən BMT-də işləyib. 1997-ci ildən 2009-cu ilə qədər isə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edib. 2005-ci ildə Nobel sülh mükafatı alıb. Uzun illər xaricdə yaşasa da, dünyadakı böyük nüfuzu və ciddi şəkildə qütbləşən müsəlman dünyasında həm Qərb (İsrail-Amerika, eləcə də yerli əlaltıları,',0), həm də islamçı cameə tərəfindən müsbət sima olaraq qəbul edilməsi Baradeyinin reytinqini yüksəkdə saxlayıb. Bu səbəbdən də Baradeyi səlahiyyətlərini başa vurub ölkəsinə dönərkən və hələ dönməmişdən verdiyi bir-iki siyasi bəyanatla ölkəsinin əsas müxalifət liderinə çevrildi. Burada Qərb dəstəyi də önəmli rol oynadı. Məhəmməd əl-Baradeyi Qərb üçün nüfuzunu itirmiş, çürüməkdə olan Mübarək rejiminə nativ ola biləcək yeganə qüvvədir.
Daha bir oxşar məqam. İran şahı kimi Mübarək də dirəşərək getmək istəmir. Kabinetini istefaya göndərir, ordu rəhbərliyi ilə görüşüb generalları özünə tərəf çəkmək və xalqı ordu ilə əzmək istəyir. Ancaq xalq da müqavimətini davam etdirir, Mübarək gedənə qədər küçələrdən çəkilməyəcəyini bəyan edir. İranda olduğu kimi Misirdə də hakimiyyətin dayağı polis və xüsusi xidmət orqanlarıdır. Ordu ilk gündən neytral mövqe tutur. İranda inqilabının taleyini ordu aviasiya zabitlərinin xalqın tərəfinə keçməsi həll etmişdi. Pəhləvi bir neçə ay dözə biləndən sonra ölkədən qaçmağa məcbur oldu. Mübarəkin nə qədər dözəcəyin isə zaman göstərəcək. İran şahını ölkəsindən qaçmasına bir səbəb də köhnə dostların, yəni Qərbin onu son anda dəstəkləməməsi olmuşdu. Artıq sabiq müttəfiqləri Mübarəkə də “ölkədən çıx” deyir.
Əlbəttə, bütün müqayisələr qüsurludur. Bu mənada iki ölkədə böyük zaman fərqi ilə baş verən hərəkatlar arasında oxşar olmayan, əksinə, ziddiyyət təşkil edən məqamlar var. Onlardan bəzisini biz qeyd etdik. Ancaq qeyd etdiyimiz kimi, bütün avtoritar rejimlər bir-birinə bənzədiyi üçün onların “yola salınma” mərasimində də oxşar cəhətlər olur./Yeni Müsavat/