Azərbaycan prezidenti Latviya prezidenti ilə keçirilən birgə mətbuat konfransında belə deyib
“Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Latviya prezidenti Valdis Zatlerslə keçirilən birgə mətbuat konfransında deyib.
Dövlət başçısı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını da bildirib.
Latviya prezidenti Valdis Zatlers isə Azərbaycan prezidenti İlham Əliyevi ölkəsində salamlamaqdan böyük şərəf duyduğunu, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənəcəyini qeyd edib: “Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşayiət olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb”.
Latviya-Azərbaycan işçi şurasının yaradılacağını bildirən Valdis Zatlers, ikitərəfli münasibətlərin Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan sənədlərin, xüsusilə də dövlət başçılarının imzaladığı Birgə bəyannamənin əhəmiyyətinə toxunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirib.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər./anspress/